Bob Dadli, BP qrupunun baş icraçı direktoru və onu gələn il bu vəzifədə əvəz edəcək Bernard Luni Azərbaycana işgüzar səfər ediblər. Cənab Dadli və cənab Luni dünən Bakıya gəliblər.
FED.az məlumat verir ki, hazırda BP qrupunun Apstrim bölümünə rəhbərlik edən Bernard Luni, Dadlini BP qrupunun baş icraçı direktoru vəzifəsində 2020-ci il 5 fevral tarixindən başlayaraq əvəz edəcək və həmin tarixdən də BP-nin Direktorlar Şurasının üzvü olacaq.
Eləcə də bax: İlham Əliyev BP-nin baş icraçı direktorunu - QƏBUL EDİB
Bob Dadli doqquz ildən çox baş icraçı direktor olmaqla BP-də 40 ildir ki, işləyir. O, 2020-ci il 4 fevral tarixində BP-nin baş icraçı direktoru vəzifəsindən və Direktorlar Şurasının üzvlüyündən gedəcək və sonra 2020-ci il 31 mart tarixindən isə təqaüdə çıxacaq.
“BP Azərbaycan” şirkətindən bildirilib ki, Azərbaycana səfər proqramı çərçivəsində cənab Luni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunmuşdur. Həmin görüşdə cənab Luni Prezident Əliyevə BP-nin bu regionda əməliyyatçısı olduğu layihələrdə işlərin hazırki vəziyyəti və planları barədə məlumat vermiş, Azərbaycanın ən iri neft və qaz hasilatı, nəqli və kəşfiyyatı layihələrinin əməliyyatçısı kimi BP-nin davamlı fəaliyyəti haqqında danışmışdır. Luni həmçinin Azərbaycanla və Xəzər regionu ilə əməkdaşlığın daha da güclənməsi və genişlənməsi yönümündə BP-nin uzunmüddətli öhdəliyini bir daha vurğulamışdır.
Səfər çərçivəsində BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə rəhbərliyi və əməkdaşları ilə bir sıra şirkətdaxili görüşlər də keçirilmişdir.