Azərbaycan Mərkəzi Bankı (AMB) və digər dövlət qurumları Azərbaycan banklarının daha çox biznes kreditləri verməsi üzərində işləməlidir.
FED.az xəbər verir ki, prezident İlham Əliyev 2019-cu ilin nəticələrinə həsr olunan müşavirədə bu barədə tapşırıq verib.
Eləcə də bax: İlham Əliyevin keçirdiyi müşavirədə - NƏDƏN DANIŞILDI - TAM MƏTN
Müşavirədə çıxış edən AMB sədri Elman Rüstəmov bildirib ki, pul siyasətinin yumşaldılması siyasətinə uyğun olaraq, digər tədbirlərlə yanaşı, banklara təqribən 2 milyard manat vəsait ayrılıb ki, onlar daha çox kredit ayıra bilsinlər. Amma baş bankir etiraf edib ki, kreditlərdə artım (16%) baş versə də, bu özünü daha çox istehlak kreditlərində göstərir: «İstehlak kreditləri 20%-dən çox, biznes kreditləri 11% artıb».
Prezident İlham Əliyev bu rəqəmlərdən narazı qalıb: «İndi siz deyirsiniz ki, banklara 2 milyard manat resurs verilib və yenə də kreditləşmədə istehlak kreditləri üstünlük təşkil edir. Bu da çox təhlükəli tendensiya ola bilər. Ona görə biz elə etməliyik ki, bank sektoru daha çox real sektoru dəstəkləsin. Ona görə biznes kreditlərinin verilməsində baxın, hansı mexanizm olmalıdır ki, banklar da bunda maraqlı olsunlar».
Dövlət başçısı Mərkəzi Banka tapşırıb ki, bu məsələyə nəzarət edilsin: «Yoxsa, biz bunu başlı-başına buraxa bilmərik. Əlbəttə, bəzi banklar üçün istehlak kreditləri daha da asandır, daha əlverişlidir. Ancaq ölkə iqtisadiyyatı üçün biznes kreditləri üstünlük təşkil edir. Ona görə İqtisadiyyat Nazirliyi ilə birlikdə bu məsələləri müzakirə edin. İndi İqtisadiyyat Nazirliyinin, Sahibkarlara Kömək Fondunun xətti ilə təqribən 170 milyon manat güzəştli kreditlər nəzərdə tutulur. Uçot dərəcəsi düşdükdə artıq özəl banklar tərəfindən verilən kreditlərin də faiz dərəcəsi güzəştli kreditlərin səviyyəsinə yaxınlaşacaqdır. Ona görə burada uzlaşma olmalıdır».