Xəbər verildiyi kimi, aprelin 29-da gün ADA Universitetində «Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq» mövzusunda beynəlxalq konfransda keçirilib.
FED.az-ın məlumatına görə, prezident İlham Əliyevin də iştirak etdiyi tədbirdə dövlət başçısı xarici qonaqların müxtəlif məsələlər, o cümlədən Qarabağla bağlı suallarını cavablandırıb.
İsveçrənin Təhlükəsizlik Siyasəti üzrə Cenevrə Mərkəzinin diplomatik dialoq üzrə baş müşavir və direktor müavini Aleksandra Matas prezidentdən əhalini sülhə necə hazırlamaq barədə soruşub: «Öz ictimaiyyətinizi, əhalinizi sülhə necə hazırlayırsınız? Digər tərəfin düşmənçiliyə əsaslanan bir çox rəyləri var. Bu, anlaşılan vəziyyətdir. Həmin rəylərin aradan qaldırılması yolları hansılardır? Qonşunuzla barışmaq və dayanıqlı sülhü qurmaq yolları nədən ibarətdir?».
Suala cavab verən İlham Əliyev bildirib ki, gələcək üçün, sülh və qarşılıqlı fəaliyyət üçün çox əhəmiyyətli olsa da, aydındır ki, bu, asan olmayacaq, çünki münaqişədə ermənilərin ədavəti və vəhşilikləri görünməmiş dərəcədə olub: «Həmin otuz il ərzində Azərbaycan xalqının yaraları sağalmayıb. Lakin torpaqlar azad olunandan sonra insanlar həmin yerlərə baş çəkməyə başladı. Şuşaya, Ağdama avtobusla müntəzəm reyslər təşkil olunur. Onlar öz gözləri ilə gördükdə və mən özüm şəxsən birinci dəfə gördükdə, sanki şok yaşandı. Biz heç bir zərər vurmadığımız insanlarda bu qədər ədavət dərəcəsini təsəvvür edə bilməzdik, çünki biz Şuşada, Xankəndində və digər yerlərdə yanaşı yaşamışıq və heç vaxt öz tərəfimizdən düşmənçilik etməmişik. Şəhərlərin yerlə-yeksan olunması, meyitlərin qazılıb qəbirlərdən çıxarılması kimi bu cür nifrət inanılmazdır. Əgər bunu mən hiss etmişəmsə, onda görün öz yaxınlarını itirmiş şəxslər nə etsin. Mən onların ağrısını anlayıram, onu bölüşürəm. Şəxsən özüm də vəhşilikləri və barbarlığı heç zaman yaddan çıxarmayacağam. Çıxara bilməyəcəyəm və yaddan çıxarmaq da istəmirəm. Çünki biz bunu xatırlamalıyıq. Çünki bu, faciəli tariximizin bir hissəsidir».
Bununla yanaşı, prezident bildirib ki, sülhün də alternativi yoxdur və ölkə rəhbərləri əhalini sülhə hazırlamalıdırlar: «İnsanları inandırmağa çalışmalıdırlar ki, maraqlarımız, strateji gələcəyimiz naminə bizə sülh gərəklidir. Sülh bizim üçün zəruridir».
İkinci Dünya müharibəsini xatırladan İlham Əliyev gələcəkdə sülhün yaranacağına inandığını bildirib: «Biz müharibələrin, İkinci Dünya müharibəsinin tarixini bilirik. Düşünürəm ki, bir-birini öldürən şəxslər on-iyirmi ildən sonra biznes qurmağa başlayırlar. Bunun bir çox misalları var. Bir cəmiyyət kimi onlar hazır olacaqlar ya yox, mən bunu bilmirəm. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti sülh haqqında danışdıqda məni anlayacaq. Anlayıram ki, bu, asan deyil».
Prezident qeyd edib ki, cəmiyyət sülhə hazırlanacaq: «Cəmiyyəti (sülhə) hazırlamalıyıq. İnsanlar, jurnalistlər və ziyalılar arasında təmasların qurulmasına dair mənim təklifim buna yönəlir. Sülh üçün əsaslar olmalıdır. Bu, uzun vaxt tələb edəcək, lakin alternativ yoxdur, alternativ daha pisdir».
Bununla yanaşı, İlham Əliyev bildirib ki, hətta sülh olsa da Azərbaycan istənilən halda özünü Ermənistanın revanşist risklərindən qruyacaq: «Biz özümüzü Ermənistanın hər hansı revanş risklərindən qorumalıyıq. Bu səbəbdən, bir tərəfdən biz yaddan çıxarmalı deyilik, digər tərəfdən isə, biz ordumuzu gücləndirməli və müasirləşdirməliyik».