Nazirlər Kabineti bəzi qurumlarda çalışan dövlət qulluqçularının vəzifə maaşlarının artırılması barədə qərar qəbul edib. FED.az xəbər verir ki, bu Dövlət Gömrük Komitəsi (DGK) və Xüsusi Dövlət Mühafizə Xidmətidir (XDMX).
Nazirlər Kabinetinin qərarına əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının, dövlət qulluqçusu olmayan mülki işçilərinin və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri təsdiq edilib.
NK-nin digər qərarı ilə Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşdirilən xüsusi rütbəsi olan əməkdaşlarının, dövlət qulluqçusu olmayan mülki işçilərinin və xüsusi rütbəsi olan əməkdaşlarının xüsusi rütbəyə görə maaşlarının məbləğləri təsdiq edilib. Müəyyən edilibö ki, Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan dövlət büdcəsi vəsaiti hesabına saxlanılmayan gömrük orqanları və təşkilatlarında xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləği bu Qərarın əlavələrində göstərilən aylıq vəzifə (tarif) maaşlarının məbləği səviyyəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən təsdiq edilir.
Nazirlər Kabinetinin qərarında Maliyyə Nazirliyinə tapşırılır ki, qərardan irəli gələn məsələləri həll etsin.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isə tapşırılır ki, sözügedən əməkaşların hərbi qulluğa görə pensiyalarının məbləğinin yenidən hesablanmasını həyata keçirsin.