Dövlət

"Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər"

"Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər" | FED.az
16:40 16 İyul 2020

"Mən bir daha demək istəyirəm ki, biz bütün ölkələrlə normal dostluq və tərəfdaşlıq münasibətlərinin "formalaşmasında əməli addımlar atırıq. Amma bu, o demək deyil ki, öz ölkənin, öz xalqının maraqları kənarda qalsın. Bizim xaricdəki bəzi diplomatlarımız fəaliyyət göstərdikləri ölkələrin elçilərinə çevrilirlər. Buna son qoyulmalıdır. Bu da yanlış kadr siyasətinin təzahürüdür. Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər və bunu gizlətmirlər. Yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədirlər. Bizdə kifayət qədər məlumatlar var. Bu gün Azərbaycana qarşı çirkin kampaniya aparan, özünü azərbaycanlı kimi təqdim edən, əslində, ermənilərdən də pis olan ünsürlərin mütləq əksəriyyəti yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədir. Onlardan pul və təlimatlar alırlar. Bizdə bu məsələ ilə bağlı kifayət qədər məlumatlar var. Bizim xüsusi xidmət orqanlarımız tərəfdaş ölkələrin xüsusi xidmət orqanlarına dəfələrlə bu haqda məlumatlar vermişlər. Demişlər ki, biz bilirik, filan adamı siz istiqamətləndirirsiz, filan adama siz ev vermisiniz, filan adamın çirkin çıxışları sizin idarənizdə yazılır. Biz bütün bunları bilirik".

Eləcə də bax: Prezident yeni xarici işlər nazirini - QƏBUL EDİB - TAM MƏTN - CANLI YAYIM

FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib.

"Bir daha demək istəyirəm ki, bu, o ölkələrin riyakarlığını göstərir. Çünki mən bu haqda dəfələrlə demişəm. Bir tərəfdən bizə dostluq siqnalları göndərilir, üzdə tərəfdaşlıq haqqında sözlər deyilir, amma, əslində, bizə qarşı kampaniya aparılır. Bunun da məqsədi Azərbaycanı zəiflətmək, Azərbaycanı sarsıtmaq, Azərbaycanı ləkələmək, Azərbaycan rəhbərləri haqqında olmayan yalanları yaymaqdır. Ancaq həyat artıq göstərir ki, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki Azərbaycan xalqı hər şeyi yaxşı bilir. Bilir ki, bu gün bizim fəaliyyətimizdə Azərbaycan xalqının maraqları hər şeydən üstündür. Çox güman ki, məhz buna görə bizə qarşı bəzi hallarda belə çirkin üsullardan istifadə edilir. Bilirsiniz, müxtəlif vaxtlarda bu üsulların məzmunu və formaları dəyişirdi. Vaxtilə dırnaqarası “müstəqil” qeyri-hökumət təşkilatları vasitəsilə bizə hücumlar edilirdi. Halbuki hər kəs yaxşı bilir ki, bu qeyri-hökumət təşkilatları hansı mənbələrdən maliyyələşir - böyük dövlətlərin xarici siyasət orqanları tərəfindən maliyyələşir. Bir müddət xarici ölkələrin kütləvi informasiya vasitələri bizə qarşı çirkin kampaniya aparırdı - həm elektron, həm yazılı kütləvi informasiya vasitələri. Biz bu kütləvi informasiya vasitələrinin hansı mənbələrdən maliyyələşdiyini də bilirik. Bunun heç bir faydası olmadı, əksinə, Azərbaycan ictimaiyyəti çox yaxşı dərk edirdi, başa düşürdü ki, bunun məqsədi nədir - Azərbaycanı zəiflətmək, Azərbaycanda xaos yaratmaq, Azərbaycanı 1990-cı illərin əvvəllərinə qaytarmaq və ondan sonra bu imkanlardan istifadə edib öz maraqlarını təmin etmək. Bu keçməyəndə isə növbəti çirkin üsullara əl atıldı. Özlərini azərbaycanlı kimi təqdim etməyə çalışan, ancaq mənəvi cəhətdən eybəcərliyin rəmzinə çevrilmiş antimilli ünsürlər indi xarici xüsusi xidmət orqanlarının rəhbərliyi altında Azərbaycana qarşı çirkin kampaniya aparırlar. Bu, düşünülmüş siyasətdir və əslində, bu siyasətin məqsədi Azərbaycan xalqının əsrlərboyu qoruduğu milli dəyərləri sarsıtmaqdır, bizim mənəvi sütunlarımızı dağıtmaqdır. Çünki Azərbaycan xalqının mentaliteti bunu inkar edir. Heç vaxt bizim tariximizdə belə çirkin üsullardan, yalanlardan, böhtanlardan istifadə edilmirdi. Bu, bizə xaricdən idxal edilir. Ona görə bizim diplomatlarımız buna qarşı fəaliyyət göstərməlidirlər. Yoxsa ki, “dəymə mənə, dəyməyim sənə” prinsipi ilə işləmək olmaz. Əfsuslar olsun ki, bizim Xarici İşlər Nazirliyində son vaxtlar bu prinsip əsas rol oynayır.

Mən demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, milli maraqlar tam təmin edilməlidir. Ancaq bir çox hallarda bunun əksini görürük. Görürük ki, razılaşma prinsipi əsas tutulur, milli maraqları kənara qoyub kiminsə xoşuna gəlmək üçün səylər göstərilir. Bu haqda bir çox məlumatlarım var. Ona görə siz bu məsələləri nəzərdə saxlayın. Bizə elə diplomatik kadrlar lazımdır ki, peşəkar, milli ruhda, milli dəyərlərə bağlı olsunlar, ölkəmizi müdafiə edə bilsinlər", - dövlət başçısı əlavə edib.

Digər xəbərlər