Dekabrın 5-də xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirakı çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşüb.
XİN-dən FED.az-a verilən xəbərə görə, görüş zamanı, Azərbaycan və Rusiya arasında əməkdaşlıq məsələləri, habelə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.
Tərəflər, ikitərəfli gündəliyin bir sıra istiqamətlərində, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, təhsil, mədəniyyət sahələrində əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini müzakirə ediblər. Azərbaycanla Rusiya arasında çoxşaxəli əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğunu, ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin və separatçı rejiminin mövcudluğuna son qoyulduqdan sonra sülh sazişinin razılaşdırılması üçün şərait yarandığını vurğulayıb. Eyni zamanda, normallaşmanın digər istiqamətlərindən biri olan Azərbaycanla Ermənistan arasında ikitərəfli əsasda sərhədin delimitasiyası üzrə danışıqların intensivləşməsinin tərəfdarı olduğumuz diqqətə çatdırılıb.
Görüşdə həmçinin iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran digər ikitərəfli və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.