Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 10-da ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən FED.az-a bildiriblər ki, görüşdə Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında səmərəli əməkdaşlıq müsbət qiymətləndirilib, Azərbaycan-Rusiya əlaqələrinin inkişafında bu qarşılıqlı fəaliyyətin rolu qeyd edilib.
Həştərxanda Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar bir sıra tədbirlərin keçiriləcəyindən məmnunluq ifadə olunub.
İştirakçıları Azərbaycan gəlmiş “Xəzər – dostluq dənizi” motoyürüşünün əhəmiyyəti qeyd olunub.
Görüşdə Azərbaycan və Həştərxan vilayəti arasında ticari-iqtisadi, nəqliyyat, tranzit sahələrində, sənaye kooperasiyası, o cümlədən maşınqayırma sahəsində, eləcə də limanlararası əlaqələr və humanitar qarşılıqlı fəaliyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.