Prezident İlham Əliyev «Banklar haqında» qanuna dəyişiklik və əlavələrin edilməsi haqqında sərəncam imzalayıb.
FED.az xəbər verir ki, dəyişikliyə əsasən, qanunun 3.3-cü maddədə “maddələri, 35.4-cü maddənin üçüncü abzası və 42-ci maddəsi” sözləri “, 35.4-cü və 42-ci maddələri” sözləri ilə əvəz edilsin.
İndiyədək 3.3-cü maddə belə idi:
«3.3. Bu Qanunun 3.1-ci, 3.4-cü maddələri, 35.4-cü maddənin üçüncü abzası və 42-ci maddəsi istisna olmaqla digər müddəaları “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit İttifaqları haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericiliyə müvafiq olaraq lisenziyalaşdırılan və tənzimlənən kredit ittifaqlarına və başqa bank olmayan kredit təşkilatlarına şamil olunmur.»
Dəyişikliyə əsasən, 35.4-cü maddə aşağıdakı redaksiyada veriləcək:
“35.4. Banklar hər bir borcalan haqqında məlumatı maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada maliyyə bazarlarına nəzarət orqanında yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir. Mərkəzləşdirilmiş kredit reyestrində toplanan məlumatlara bank sirrinin bu Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur.
Banklar tərəfindən borcalanları barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”.
İndiyədək 35.4-cü maddə belə idi
«35.4.Banklar bank sisteminin etibarlığını təmin etmək məqsədilə borcalanların ödəniş qabiliyyəti və etibarlığı haqqında məlumatı maliyyə bazarlarına nəzarət orqanında yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməyə borcludurlar. Mərkəzləşdirilmiş kredit reyestrinin iş rejimi, o cümlədən məlumatın xarakteri, məlumatların verilməsi və alınması qaydaları və şərtləri maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları ilə müəyyən edilir.
Maliyyə bazarlarına nəzarət orqanının icazəsi və müəyyən etdiyi şərtlər daxilində banklar öz aralarında da xüsusi kredit reyestri yarada bilərlər.
Kredit reyestrlərində olan məlumatlar yalnız banklara ,”Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş bank olmayan kredit təşkilatlarına və borcalanların özlərinə (banklar arasında yaradılan reyestrdəki məlumatlar həmçinin maliyyə bazarlarına nəzarət orqanına) onların müraciəti ilə müəyyən olunmuş qaydada verilə bilər. Kredit reyestrlərində toplanan və oradan alınan məlumatlara bank sirrinin bu Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur.
Kredit reyestrinin xərclərinin ödənilməsi məqsədilə məlumatlar ödənişli əsaslarla verilir.»
Dəyişikliyə görə, 36.1-ci maddəyə “normativ” sözündən sonra “xarakterli” sözü əlavə edilib.
Digər dəyişikliyə görə isə 41.2-ci maddənin birinci abzasına aşağıdakı məzmunda beşinci cümlə əlavə edilsin:
“Borcalanlar barədə məlumat kredit bürolarına “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada verilir.”.
İndiyədək 41.2-ci maddə belə idi
«41.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir. İcra sənədlərinin məcburi icraya yönəldilməsi ilə əlaqədar müştərilərin hesab qalıqları barədə məlumatlar qanunvericiliklə müəyyən olunmuş mənbələrdən əldə edilmiş məlumat əsasında icra məmurlarına verilir. Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə, əmanətçilər barədə məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada Əmanətlərin Sığortalanması Fonduna verilir».