Ötən həftə Bakıda paytaxt rayonlarının icra başçılarının iştirakı ilə müşavirə keçrildiyi barədə məlumat vermişdik.
İclasda icra başçılarına yerlərdə vətəndaşlarla müntəzəm əlaqənin saxlanması, düzgün kadr seçimi, təhsil infrastrukturunun və mühitinin yaxşılaşdırılması və sair məsələlərlə bağlı konkret tapşırıqlar verilib.
Bir neçə rayonun icra başçısının işində nöqsanlar olduğu diqqətə çatdırılıb. İnsanlar tərəfindən narazılıqlar olduğuna görə, həmin başçılara yaxın zamanlarda işdən azad oluna biləcəkləri barədə xəbərdarlıq da edilib.
Modern.az-ı bilgiləndirən mənbə konkret olaraq hansı icra başçılarına xəbərdarlıq edildiyini bildirməsə də, yəqin ki, onların Bakıya yeni təyinat alanlar olmadığı qeyd edilib.
Bəs hazırda Bakı şəhərindəki 12 rayonun icra başçısı kimlərdir, onlar bu vəzifəyə hardan gətiriliblər, nə vaxtdan paytaxtda mühüm postları tuturlar?
Qaynarinfo xəbər verir ki, modern.az saytı bununla bağlı qısa araşdırma aparıb. Şəkillərə uyğun sıralamaya diqqət edək:
Sabunçu rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev 2012-ci ilin aprel ayından bu vəzifədə çalışır. O, 1998-2003-cü illərdə Dövlət Neft Şirkətinin Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyinin MTTİ-nin rəis müavini vəzifəsində çalışıb. 2003-2012-ci illər ərzində isə özünün təsis etdiyi "Euro Style” LTD şirkətinin rəhbəri olub.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 4 mart 2010-cu il tarixində bu vəzifəyə təyinat alıb. Daha əvvəllər - 1999-2001-ci ildə Dövlət Gömrük Komitəsində, sonra bir müddət Vergilər Nazirliyində müxtəlif işlərdə çalışıb. 2005-ci ilin dekabr ayınadək Yardımlı, 2005-ci ildən 2010-cu ilədək Lənkəranın icra başçısı olub.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2 sentyabr 2015-ci ildən burada çalışır. Amma o, Bakıda təzə icra başçısı deyil. Belə ki, 25 iyun 2009-cu ildən 2015-ə kimi Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı işləyib. Daha əvvəllər isə (15 fevral 2006-25 iyun 2009) Zaqatalada icra başçısı olub. Asif Əsgərov icra hakimiyyəti strukturuna gəlməzdən öncə Gənclər, İdman və Turizm Nazirliyində idarə rəisi, Baş idarə rəisi, 2000-2006-cı illərdə gənclər, idman və turizm nazirinin müavini vəzifələrində çalışıb.
Suraxanı Rayon İcra Hakimiyətinin başçısı İlqar Abbasov ölkə başçısının 21 dekabr 2005-cı il tarixli sərəncamı ilə bu vəzifəyə təyinat alıb. Ondan əvvəl Nərimanov rayununda icra başçısı vəzifəsində çalışıb. Daha öncələr müxtəlif tikinti idarələrində işləyib, sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov 7 mart 2013-cü il tarixli sərəncamla bu posta gətirilib.Əvvəllər yol tikintisi sahəsində müxtəlif vəzifələr tutub.2003-2006-cı illərdə Bakı Dərin Özüllər Zavodunda direktor müavini, 2006-2013-cü ilin mart ayına qədər Dövlət Neft Şirkəıtinin Sosial İnkişaf İdarəsində rəis müavini vəzifəsində çalışıb.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov 2015-ci ilin sentyabr ayından bu vəzifəni tutur. O, hələ 1999-cu ildən icra hakimiyyəti strukturunda çalışır. Belə ki, əvvəllər Bakı şəhər İcra Hakimiyyətində departament sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb. 2000-ci ilin iyun ayından Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. 2003-2011-ci illərdə Gəncə şəhər İcra Hakimiyyətinin, 2011-2015-ci illərdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olub.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov 26 sentyabr 2006-cı il tarixində bu vəzifəyə gətirilib. O, 1999-cu ildə yaradılmış "Real-İnşaat” firmasının həmtəsisçisi, 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış "Real Tibb Mərkəzi” MMC-nin təsisçisi və direktoru olub.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Rusiyada Poltava Kooperasiya İnstitutunun Əmtəəşünaslıq ixtisasını bitirib. 25.01.1995-ci il tarixdən hal-hazırki vaxtadək Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısıdır.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov 22 sentyabr 2015-ci il tarixindən bu postda çalışır. Daha əvvəllər Naxçıvanda dövlət əmlakı nazirinin köməkçisi, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi, Nizami Bələdiyyəsinin sədri və 2011-2015-ci illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 2005-ci ilin dekabr ayından burada işləyir. O, 1994-cü ilin sentyabr ayından 1998-ci ilin fevral ayına qədər Gənclər və İdman Nazirliyində çalışıb, 1998-ci ilin fevral ayından 2003-cü ilin aprel ayına qədər Bakı Şəhər Gənclər, İdman və Turizm Baş İdarəsinin rəisi olub. 2003-cü ilin aprel ayında Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2005-ci ilin dekabr ayından isə Nərimanova başçı gətirilib.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 2 fevral 2018-ci il tarixli sərəncamla bu vəzifəyə təyinat alıb. 1992-1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentində müxtəlif vəzifələrdə çalışıb, 1996-2006-cı illərdə isə sahibkarlıq fəaliyyətilə məşğul olub. 2006-2018-də Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı işləyib.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Bakıda sonuncu təyinat almış icra başçısıdır. O, 1984-1994-cü illərdə Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnistutunda müxtəlif vəzifələrdə çalışıb.1998-ci ildən 2005-ci ilədək "Meridian” MMC-də direktor, 2005-ci ildən 2015-ci ilədək "Duet” firması Kommersiya üzrə direktor müavini, 2015-ci ildən 2016-ci ilədək Bank Olmayan Kredit Təşkilatı "Kredex” MMC-də idarə heyətinin sədrinin müavini, 2017-ci ildə "Kontinent İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışıb. 6 iyun 2018-ci il tarixində Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Bakının icra başçıları toplandı - SİYAHI, ADLAR
14:05
24 İyun 2018