Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə ölkə ərazisində sosial izolyasiya tədbirləri, məhdudiyyətlər gücləndirilməkdədir. Xüsusi karantin rejimi çərçivəsində o cümlədən paytaxtda da bir sıra məhdudiyyətlər həyata keçirilir.
FED.az xəbər verir ki, “report”un əməkdaşları paytaxt sakinlərinin xüsusi karantin rejiminə necə riayət etmələri ilə tanış olmaq üçün gecə saat 00:00-dan paytaxt polisi ilə birgə reyd keçirib.
Reyd zamanı qoruyucu maska taxmayan, əlcək geyməyən, karantin qaydalarını pozan vətəndaşlar aşkarlanıb. Polis əməkdaşları onlarla profilaktik söhbətlər edilib, vətəndaşlara Nazirlər Kabinetinin müvafiq qərarı barədə məlumat verilib.
Bildirilib ki, bu gündən etibarən vətəndaşlara küçəyə çıxmaq qadağan olunub.
Sakinlərə habelə COVID-19 infeksiyasının Azərbaycan Respublikası ərazisində, o cümlədən Bakıda geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları ilə bağlı tələblər izah edilib.
Qeyd edilib ki, fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür.
Qeyd edək ki, koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə virus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün vətəndaşların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət bu gündən 20 aprel saat 00:00-dək dayandırılır.