İyunun 22-də Bakıda «Radisson» hotelində «MÜSİAD Azərbaycan»ın təşkilatçılığı ilə müstəqil iş adamlarının görüşü tədbiri keçirilib.
150-yə yaxın şirkət təmsilçisi, iş adamları və idarəçilərin qatıldığı görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin baş ticarət müşaviri Yakup Sefer də iştirak edib.
Tədbirdə çıxış edən «MÜSİAD Azərbaycan»ın rəhbəri, iş adamı Rəşad Cabirli MÜSİAD-ın fəaliyyəti barədə məlumat verərək bildirib ki, 9 may 1990-cı ildə yaradılan MÜSİAD təşkilatı hal-hazırda 82 ölkədə 164 şöbəsi olmaqla, 12 000-dən çox üzvüylə 60 000 iş yerini birləşdirir: «Bu isə öz növbəsində 2 milyona yaxın insanın işlə təmin olunması deməkdir». Ötən 33 il ərzində MÜSİAD sürətlə inkişaf edərək qlobal sərmayə platformu halına gəlib.
«MÜSİAD Azərbaycan» isə 2018-ci ilin əvvəlindən etibarən aktiv fəaliyyətə başlayıb. Hazırda təşkilatın Azərbaycanda 75 üzvü var və 5000-dən çox işçini işlə təmin edir.
Qurumun rəhbəri bildirib ki, yaxınlarda KOBİA və MÜSİADın dəstəyi, KOBSKA və MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə İstanbulda «İş dünyası-100 ilin zirvəsi» adlı tədbir keçiriləcək: «Tədbir ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və Türkiyə Respublikasının yüz illiyinə həsr olunur. Fürsətdən istifadə edib sözü gedən tədbirdə Sizləri də iştirak etməyə dəvət edirik».
Bundan sonra tədbir müstəqil iş adamlarının görüşləri və təqdimatlarla davam edib.
Tədbirdə təqdimatlar, o cümlədən tədbirin sponsoru olan Bahçehir Universitetinin təqdimatı baş tutub, iş adamları arasında B2B görüşlər, yerli şirkətlərin xidmət və məhsulları ilə tanışlıqlar baş tutub.