Başa çatmaqda olan ilin son ayının birinci şənbə günü - dekabrın 4-də Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtda ümumşəhər sanitar gününün keçirilməsi qərara alınıb.
FED.az xəbər verir ki, İcra Hakimiyyətindən bildirilib ki, gün ərzində şəhərin prospekt və küçələri, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulacaq, zədələnmiş ağaclar budanacaq, digər təmizlik və dezinfeksiya işləri görüləcək.
BŞİH paytaxt sakinlərini bu təmizlik işlərində fəal olmağa çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edib.
"Gəlin qalib ölkənin paytaxt sakinləri olaraq yeni ili təmiz şəhərlə qarşılayaq", - müraciətdə vurğulanıb.