5 iyun - Su təsərrüfatı və meliorasiya işçiləri günü peşə bayramı ərəfəsində “Şəki Sukanal” TSC, Tərtər və Daşkəsən sukanal sahələri üçün inşa edilmiş yeni inzibati binalar istifadəyə verilib.
Eləcə də bax: "Azərsu"yun 2,7 milyon manatlıq 3 tenderini - BU ŞİRKƏTLƏR QAZANDI
“Azərsu” ASC-dən FED.az-a bildirilib ki, işçilərin əmək şəraitinin yaxşılaşdırılması, həmçinin abonentlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Şəki şəhərində ümumi sahəsi 630 kvadratmetr, Tərtər şəhərində 210 kvadratmetr, Daşkəsən şəhərində isə 180 kvadratmetr olan müasir tipli inzibati binalar tikilib. Yeni inzibati binalarda müştərilərin qəbulu, ödəmələrin aparılması üçün hər cür şərait yaradılıb. Binalarda işçi otaqları, IT otağı, iclas zalları yaradılıb. İnzibati binanın həyətində abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində respublikamızın şəhər və rayon mərkəzlərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədilə genişmiqyaslı layihələr həyata keçirilib. Bu layihələr çərçivəsində içməli su təchizatı və tullantı su infrastrukturlarının yenilənməsi ilə yanaşı, yeni inzibati binaların tikintisi də nəzərdə tutulub. Artıq 17 şəhərdə yeni inzibati binalar tikilərək istifadəyə verilib, Qazax şəhərində isə inzibati binanın tikintisi cari ilin sonuna qədər başa çatdırılacaq.