Xəbər verildiyi kimi, avqustun 22-də Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib.
FED.az xəbər verir ki, Prezident seçiləndən sonra ilk dövlət səfərini Azərbaycana edən Özbəkistan dövlət başçısının Azərbaycan prezidenti İlham Əliyevlə geniş tərkibli görüşündə bir sıra məsələlər müzakirə edilib.
Görüşdə İlham Əliyev bildirib ki, hazırda iki ölkə arasında səmərəli və məhsuldar əməkdaşlıq qurulub.
«Bir çox istiqamətlər üzrə ikitərəfli əməkdaşlıq üçün artıq ciddi baza yaradılıb. Bu, həm Sizinlə təmaslarımız, həm Azərbaycanda, həm də Özbəkistanda və başqa yerlərdə mütəmadi görüşlər, həmçinin dövlət strukturlarının nümayəndələri arasında sıx qarşılıqlı fəaliyyətdir. Onlar da fəal işləyirlər və düşünürəm ki, prezidentlərdən yaxşı nümunə götürürlər. Həmçinin bilirlər ki, Sizinlə danışdığımız kimi, biz bütün qərarların yerinə yetirilməsinin gedişinə nəzarət edəcəyik və bunu da uğurla edirik»-deyə Əliyev bildirib.
Prezident Şavkat Mirziyoyev isə Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Görüşdə xarici işlər nazirləri, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın sədri, energetika, nəqliyyat və kənd təsərrüfatı nazirləri verilmiş tapşırıqlara uyğun olaraq sahələr üzrə məruzələri təqdim ediblər.
Görüşdə Azərbaycan ilə Özbəkistan arasında siyasi, iqtisadi, ticarət, sənaye, avtomobil istehsalı, metallurgiya, əczaçılıq, daşımalar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi. Xüsusilə elan edildi ki, Azərbaycan ilə Özbəkistan arasında birbaşa aviareyslərin sayı artaraq həftədə 15-ə çatıb, prezidentlər bundan razı qalıblar.