Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı görüşlərə yenidən start verilib.
Noyabrın 3-də Brüssellə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın üçüncü görüşü keçirilib.
FED.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin məlumatına görə, iclas başlamazdan əvvəl Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino Azərbaycan və Ermənistan nümayəndə heyətlərini salamlayıb, Komissiyaların işinə uğurlar arzulayıb, Avropa İttifaqının Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələlərində kömək etməyə bundan sonra da hazır olduğunu təsdiq edib.
Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan isə Avropa İttifaqı Şurasına görüşün yaxşı təşkilinə görə təşəkkür ediblər.
Tərəflər, Azərbaycan və Ermənistanın rəhbərləri səviyyəsində müxtəlif formatlarda əldə edilən razılaşmaları nəzərə alaraq, delimitasiya məsələlərinin müzakirəsini davam edib, təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.
Komissiyaların birgə fəaliyyətinin hüquqi çərçivələrini müəyyən etmək məqsədilə, tərəflər Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyət qaydasının razılaşdırılması üzrə işi sürətləndirmək barədə razılığa gəliblər.
Tərəflər Komissiyaların dördüncü iclasının keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.