Fevralın 2-də Azərbaycanın maliyyə naziri Samir Şərifov ölkəmizdə səfərdə olan Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) vitse-prezidenti Konstantin Limitovskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
FED.az xəbər verir ki, görüşdə Avropa və regionun enerji təhlükəsizliyi üçün xüsusi önəm daşıyan “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsinə bankın verdiyi dəstək qeyd olunub, ölkəmizdə və regionda Azərbaycan və AİİB arasında energetika, infrastruktur, nəqliyyat sahələrində investisiya layihələrinin maliyyələşdirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
S.Şərifov Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar və əldə olunan nailiyyətlər barədə məlumat verib, ölkəmizin beynəlxalq maliyyə-iqtisadi qurumlarla, o cümlədən AİİB ilə əməkdaşlığa önəm verdiyini, bu əməkdaşlığın, ələlxüsus borc əməliyyatlarının “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”ya uyğun həyata keçiriləcəyini vurğulayıb.
Azərbaycanın tranzit potensialından bəhs edən maliyyə naziri Xəzər hövzəsi regionu və Orta Asiya ölkələrinin Avropa ilə nəqliyyat əlaqələrinin qurulmasında ölkəmizin xüsusi rol oynadığını vurğulayıb, Azərbaycanın tranzit imkanlarının artdığı indiki şəraitdə nəqliyyat dəhlizlərinin inkişafının vacibliyini diqqətə çatdırıb.
Öz növbəsində K.Limitovski bildirib ki, AİİB-in əməliyyat portfeli fəaliyyət göstərdiyi 7 il ərzində 35 milyard dollara çatıb və bank öz missiyasına uyğun olaraq Asiya ölkələrinin infrastruktur baxımdan inkişafını dəstəkləməkdə davam edir.
AİİB-in Azərbaycandakı layihələrindən danışan vitse-prezident təmsil etdiyi qurumun yarandığı gündən bəri təsdiq etdiyi ilk layihələrdən biri olan “Trans-Anadolu Qaz Boru Kəməri” layihəsinin əhəmiyyətini vurğulayıb. Digər bir vacib layihə isə 2021-ci ildə təsdiq edilmiş Azərbaycan Respublikasının “COVID-19-a Aktiv Müdaxilə və Xərclərə Dəstək” proqramıdır. K.Limitovski AİİB-in bundan sonra da Azərbaycanla əməkdaşlığı genişləndirməyə, ölkənin iqtisadi inkişaf prioritetlərini dəstəkləməyə hazır olduğunu bildirib.