Nazirlər Kabineti 25 il əvvəl imzalanan qızıl sazişi barədə qərar qəbul edib.
FED.az xəbər verir ki, söhbət 1997-ci ildə Azərbaycanın «Azərqızıl» Dövlət Şirkəti ilə ABŞ-ın R.V. Investment Group Services, LLC şirkəti arasında imzalanan və Azərbaycanın müxtəlif bölgələrində qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatını nəzərdə tutan «qızıl müqaviləsi»ndən gedir.
Qeyd edək ki, R.V. Investment Group Services, LLC məşhur iş adamı, Azərbaycanda, ABŞ-da və bir sıra digər ölkələrdə biznesi olan Reza Vəziriyə məxsusdur.
25 il əvvəl imzalanan müqavilə Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarını əhatə edir.
Nazirlər Kabinetinin bu gün qəbul etdiyi qərara əsasən «Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki) Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanmış Sazişdə Dəyişiklik» sənədinin 3.1-ci bəndində qeyd olunan “Azərbaycan Hökumətinin təminatı və öhdəlikləri” təsdiqlənib.
Eyni zamanda «Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişə Azərbaycan Hökumətinin təminatı və öhdəlikləri haqqında» Nazirlər Kabinetinin 1998-ci il 23 yanvar tarixli qərarı ləğv edilib.