Avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Londonda yerləşən səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.
FED.az xəbər verir ki, səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Səfirliyin binasının üzərinda dalğalanan Azərbaycan bayrağı çıxarılıb, yerə atılıb.
Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılaraq saxlanılıb. Hadisə zamanı səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Xarici medianın məlumatına görə, hücum “Mehdinin xidmətçiləri ittifaqı” (“The Mahdi Servants Union”) dini qrupunun üzvləri tərəfindən təşkil olunub. Qrupun lideri Yaser Əl-Həbibdir. O, İran İslam Respublikası hökumətinə qarşı düşmənçilik edir və İranın Ali Rəhbəri Əli Xamneyinin dini etimadnaməsini şübhə altına alır. Təşkilat özünü şiə təriqətinə aid sayır və iranlı Ayətullah Şirazini təqlid edir. Yaser əl-Həbib əslən küveytlidir, Londonda yaşayır. Qeyd edək ki, qrup "Fədak" adlı peyk televiziyasını idarə edir.
Polisin keçirdiyi əməliyyat zamanı 8 nəfər saxlanılıb: “Polis yerli vaxtla saat 16:30 radələrində bir qrup etirazçının səfirlik binasına daxil olması barədə məlumat alıb. Hadisə yerinə dərhal gələn polis 8 nəfəri səfirlik binasına qanunsuz daxil olmaqda və binaya zərər vurmaqda şübhəli bilərək saxlayıb”, - deyə məlumatda qeyd olunur.
Londondakı səfirliyinün üzərindən çıxarılan dövlət bayrağı yenidən bərpa edilib.
Azərbaycanın Xarici İşlər Nazirliyi səfirliyin radikalların hücumuna məruz qalması ilə bağlı məlumat yayıb. Məlumatda deyilir:
"Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.
Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb".