Su ehtiyatlarının planlı və optimal istifadəsi istiqamətində görülən tədbirlər sayəsində ilin sonuna əsas su anbarlarında suyun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 320 mln. kubmetr, o cümlədən Mingəçevirdə 240 mln. kubmetr çoxalıb.
FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edən Azərbaycanın Baş nazirin müavini Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, suya qənaət imkanı verən əsas amillərdən biri sudan energetika məqsədləri üçün istifadənin suvarma və kommunal məqsədlər üçün istifadəyə uyğunlaşdırılmasıdır: “Xüsusi əhəmiyyətə malik Mingəçevir və Ceyranbatan su anbarları üzrə suvarma, içməli su təchizatı və energetika məqsədləri üçün sudan istifadə rejimi təsdiq olunub, hətta Mingəçevir su anbarından sudan istifadə üzrə hər 10 gündən bir yenilənən iş rejimi tətbiq edilib. Belə ki, su ehtiyatlarının azlığı səbəbindən Mingəçevir su anbarı, sadəcə, çoxillik nizamlama qabiliyyətində deyil, hətta hazırda illik tənzimlənmə qabiliyyətini də itirib”.
Baş nazirin müavini qeyd edib ki, hazırda ölkənin su ehtiyatları sahəsində gərgin vəziyyət təəssüf ki, davam edir: “Əsas su anbarlarında 20,5 mlrd. kubmetr tutuma qarşı kəskin aşağı səviyyədə cəmi 10,5 mlrd. kubmetr su mövcuddur, onun da 8,6 mlrd. kubmetri ölü həcmdir. Bu baxımdan, qısamüddətli hədəf əsas su anbarlarında suyun həcmini əvvəlki üç illə müqayisədə daha yüksək səviyyəyə çatdırmaq, beləliklə, növbəti suvarma mövsümünə nisbətən daha yaxşı vəziyyətdə daxil olmaq, sonra isə suyun həcmini minimum 2016-cı ilin səviyyəsinə uyğunlaşdırmaqdır”, - deyə Ş. Mustafayev bildirib.