Azərbaycan iri dövlət şirkətlərini - ÖZƏLLƏŞDİRMƏYƏ BAŞLAYACAQ
Yaxın vaxtlarda Azərbaycanda dövlət müəssisələrinin özəlləşdirilməsinin yeni, daha böyük şirkətləri əhatə edən mərhələsi başlayacaq.
FED.az xəbər verir ki, bu barədə aprelin 28-də prezident İlham Əliyevlə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti arasında keçirilən videokonfransda bildirilib (TAM MƏTNİ BURADA).
Görüşdə Azərbaycanın dövlət qurumları ilə AYİB-in birgə fəaliyyəti barədə danışan bank rəhbəri bildirib ki, AYİB növbəti həftə və ay ərzində dövlət müəssisələrinin orta perspektivdə kommersiyalaşdırılmasına, özəlləşdirilməsinə keçmək istəyir: «Bu, dövlət investisiya holdinqi vasitəsilə edilə bilər. Biz dövlət-özəl tərəfdaşlığı düsturu üzərində hökumətlə qanunvericilik sahəsində artıq işləyirik. Biz dövlət müəssisələrinin kommersiyalaşdırılması və özəlləşdirilməsinə keçidə həqiqətən kömək etmək istərdik. Biz, həmçinin Azərbaycanın yeni İnkişaf Korporasiyasının yaradılması istiqamətində çalışırıq. Bir sözlə, qeyd etmək istəyirəm ki, Avropa Yenidənqurma və İnkişaf Bankı olaraq, biz, - bilmirəm Azərbaycan dilində də bu kəlam varmı?, - “İşləri məcrasına salmaq” istəyirik. Əlimizdən gələni edirik ki, Azərbaycanda və digər ölkələrdə böhrandan sonra bərpa baş versin və bu, mümkün qədər tez baş versin».
AYİB rəhbəri digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyətin daha yaxşı olduğunu bildirib: «Fikrimcə, Azərbaycana gəldikdə, vəziyyət daha yaxşıdır, çünki birinci rübdə artım müşahidə olunub. Lakin biz yalnız bununla arxayınlaşmamalıyıq. Biz hökumətin səylərini və özəl sektorla işi çox fəallaşdırmalıyıq ki, Azərbaycanda bu, baş versin. Bunu da edəcəyik. Mənim bütün həmkarlarımı ekranda görürsünüz. Bütün yüksək rəhbərlik Sizə dəstək vermək üçün buradadır».
Prezident İlham Əliyev bildirib ki, hazırda İqtisadiyyat naziri dövlət müəssisələri ilə bağlı məsələ üzərində çalışır: «Artıq qeyd edildiyi kimi, kommersiyalaşdırma, qismən özəlləşdirmə - biz, ola bilsin, bunu sizinlə (yəni AYİB rəhbərliyi ilə) müzakirə etməliyik ki, ilkin addımlar hansılar olacaq. Biz, əslində, buna hazırıq. Korporativ idarəçilik məsələsi də var. Hazırda biz bildiyiniz kimi, daha çox əlaqələndirmə məqsədilə ana təşkilat ideyasını müzakirə edirik. Çünki problemlərimizdən biri dövlət şirkətləri arasında əlaqələndirmənin çatışmamasıdır. Hətta indi ən perspektivli sektorlardan biri olan nəqliyyat sektorunda biz görürük ki, şirkətlərin korporativ maraqları dövlət maraqlarını üstələyir. Bu məqsədlə əlavə işçi qrupu yaradılacaq».