Fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayəti və ətraf vilayətlərdə baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycandan qardaş Türkiyə 420 nəfərlik xilasedici və 52 nəfərlik tibb heyəti göndərilib.
FHN-in yardımlarından ibarət növbəti təyyarə Türkiyəyə yola düşüb - VİDEO
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayəti və ətraf vilayətlərdə baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycan qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirir.
Zəlzələ bölgəsində həyata keçirilən axtarış xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) 420 nəfərlik xilasedici heyəti müvafiq avadanlıqlar və axtarış itləri ilə bərabər fevralın 6-da Türkiyəyə yola salınıb və artıq fəaliyyətə başlayıb.
Bundan əlavə, zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə FHN-nin zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı və 34 nəfər tibbi, 7 nəfər qeyri-tibbi olmaqla 41 nəfərlik heyəti artıq Türkiyəyə yola düşüb.
Prezident İlham Əliyevin göstərişinə əsasən, 10 nəfər hərbi həkim, 8 nəfər tibb bacısı olmaqla Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı da bu gün qardaş ölkədədir.
Zəlzələdən zərər çəkmiş Azərbaycan vətəndaşlarının müəyyən edilməsi və təxliyyəsinin həyata keçirilməsi məqsədilə Azərbaycanın Türkiyədəki Səfirliyində, İstanbul və Qars şəhərlərindəki Baş konsulluqlarında Operativ Qərargahlar çalışmaqdadır.
24 saat fəaliyyət göstərən və əməkdaşlar tərəfindən cavablandırılan qaynar xətlərə daxil olmuş vətəndaş müraciətlərinə və əldə edilmiş məlumatlara əsasən, Türkiyənin zəlzələ nəticəsində dağıntılara məruz qalmış vilayətlərində (Kahramanmaraş, Hatay, Adana, Malatya, Qaziantep, Adıyaman, Şanlıurfa, Kilis, Osmaniye, Diyarbakır, Elazığ və Mərsin) məskunlaşan və ya müvəqqəti burada olan Azərbaycan vətəndaşları siyahıya alınır. Azərbaycana təxliyə edilmək arzusunda olan vətəndaşların bu məqsədlə ayrılmış avtobuslara yerləşdirilməsi təmin edilir. Əlverişsiz hava şərati ilə bağlı məhdudiyyətlərin təxliyyə prosesinə maneə yaratmaması üçün Türkiyə dövlət qurumları ilə bu məhdudiyyətlərin aradan qaldırılması istiqamətində danışıqlar aparılır.
Zəlzələ zamanı sənədləri itmiş və ya yararsız vəziyyətə düşmüş vətəndaşlarımız üçün sənədləşdirmə işləri Türkiyədəki səfirlik və Baş konsulluqlarımız tərəfindən sadələşdirilmiş qaydada həyata keçirilir.
Bu gün saat 15:00-dan başlayaraq Türkiyənin Kahramanmaraş, Malatya, Qaziantep və Adana vilayətlərinin avtovağzallarından təxliyyə avtobusları Azərbaycana yola salınacaq. İlk mərhələdə, Türkiyədə təhsil alan tələbələrin və təcili köməyə ehtiyacı olan şəxslərin təxliyəsi həyata keçiriləcək.
Hazırda Azərbaycanın Türkiyədəki Səfirliyinin və onun nəzdindəki hərbi attaşeliyin bir qrup əməkdaşı quru yolu ilə təxliyə prosesinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə zəlzələdən zərər görmüş bölgələrə ezam olunub.
Təxliyyə edilmək arzusunda olan və yuxarıda qeyd edilən 10 vilayətdən birində məskunlaşmış Azərbaycan vətəndaşları +90 536 459 40 35, +90 536 471 55 68, +90 501 031 80 80, +90 552 627 92 94 və +90 532 254 19 33 nömrələri ilə əlaqə saxlaya bilərlər.