Xəbər verildiyi kimi, iyunun 30-da prezident İlham Əliyevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti ilə bağlı fərman imzalayıb.
FED.az-ın məlumatına görə, həmin fərmanlarla Nazirliyin tabeliyindəki publik hüquqi şəxslərin - Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyinin nizamnamələri təsdiqlənib.
Yeni yaradılmış Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinə əsasən, qurum sosial xidmət sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edəcək.
Sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) sosial xidmət göstərmək, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlər görmək, sosial xidmət sahəsində fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması, göstərilən sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi və s. də yeni qurumun fəaliyyət istiqamətlərinə daxildir.
Həmçinin Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs yeni təsdiq edilmiş Nizamnaməsinə görə, məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı, təqaüd və kompensasiyalarla, qanunvericilikdə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərir.
Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətlərinə isə işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, onların peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması, boş olan və işçi tələb edilən iş yerləri barədə məlumatları əsasında vakansiya bankının yaradılması, qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması və s. daxildir. Agentlik həmçinin işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrini elektron formada aparacaq. İşsiz kimi qeydiyyata alınmış şəxsin əmək bazarına yenidən qayıtması məqsədilə fərdi məşğulluq proqramı tərtib edəcək.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi isə əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahəsində işləri aparacaq.
Nazirlər Kabineti dövlət orqanının əsasında publik hüquqi şəxsin yaradılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Qanunla dövlət qulluqçuları üçün nəzərdə tutulan qulluq stajının toplanmasına az qalan dövlət qulluğuna xitam verilmiş şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququnun təmin edilməsinə dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.
Eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilən tapşırıqlar sırasında Dövlət Sosial Müdafiə Fondunun tabeliyindəki dövlət sosial xidmət müəssisələrinin, Dövlət Məşğulluq Xidmətinin tabeliyindəki peşə hazırlığı mərkəzlərinin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyindəki dövlət reabilitasiya müəssisələrinin əsasında, müvafiq olaraq, Sosial Xidmətlər Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində publik hüquqi şəxslərin yaradılması üçün iki ay müddətində zəruri tədbirlər görülməsi tapşırığı da yer alıb.