Xəbər verildiyi kimi, prezident İlham Əliyev oktyabrın 15-də Türkiyənin NTV televiziyasına müsahibə verib.
FED.az bildirir ki, müsahibədə Qarabağdakı döyüşlər, münaqişənin tənzimlənməsi məsələləri ilə yanaşı, prezident Türkiyənin münaqişənin həllində mümkün rolu, Azərbaycan-Türkiyə münasibətləri, və onların gələcəyi barədə fikirlərini bölüşüb.
"Bizə təqvim verilərsə, sabah da dayanmağa hazırıq" - İlham Əliyev
İlham Əliyevin sözlərindən məlum olub ki, Türkiyənin bu münaqişənin həll olunması prosesində yaxından iştirakı Azərbaycanın şərtlərindən biridir.
«Bu reallıqlar, həqiqi vəziyyət ondan ibarətdir ki, bu gün Türkiyənin iştirakı olmadan bu bölgədə hər hansı bir məsələ həll edilə bilməz. Bunu artıq son illərin tarixi göstərmişdir. Bu, kiminsə xoşuna gələ bilər, gəlməyə bilər, bu, faktdır, bu, gerçəkdir. Təbii ki, Türkiyə Azərbaycanın, Ermənistanın və digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanın qonşusu olaraq bu bölgədə fəal rol oynayır. Bu, Türkiyənin haqqıdır. Bu, tarixən belə olubdur. Biz tarixi yaxşı bilirik».
“Təkcə dronlarla Ermənistanın 1 milyard dollarlıq hərbi texnikasılnı - MƏHV ETMİŞİK”
Prezidentin sözlərinə görə, döyüşlərin tez dayanması üçün şərtlərdən biri də Türkiyənin münaqişənin həlli prorsesinə qatılmasıdır: «Biz çox açıq və dəqiq mövqeyimizi bildirdik ki, Türkiyə mütləq bu işlərdə olmalıdır. Əgər olarsa, o zaman bu döyüşlər daha tez bir vaxtda dayanacaq və sülh prosesi başlayacaq. Mən onu da bildirmişdim ki, faktiki olaraq Türkiyə prosesdə var. Çünki dünən cənab Ərdoğanın və cənab Putinin danışığı bunu göstərir. Eyni zamanda, ondan əvvəlki günlərdə Türkiyənin və Rusiyanın Xarici İşlər nazirlərinin, Müdafiə nazirlərinin də telefon danışıqları olub. Onlar Qarabağ mövzusunu müzakirə edirlər».
«Ona görə bizim mövqeyimiz bundan ibarətdir ki, Türkiyə mütləq olmalıdır. Hansı statusda olacaq, bu, texniki məsələdir. De-fakto artıq Türkiyə var. Onsuz da Türkiyə Minsk qrupunun üzvüdür. Ümid edirik ki, bu məsələ tez bir zamanda masa arxasında həll edilsin. Türkiyə mütləq bu işlərdə fəal rol oynamalıdır və əminəm ki, oynayacaqdır»-deyə İlham Əliyev bildirib.
NTV müxbirinin digər sualı isə Azərbaycanda Türkiyə hərbi bazalarının qurulması imkanı barədə olub. «Türkiyə ilə razılaşmalar çərçivəsində, ya da yeni razılaşmalara əsasən Azərbaycanda bir Türkiyənin hərbi bazasının qurulması fikrinə necə baxırsınız? Belə bir fikriniz varmı?» sualına prezident belə cavab verib:
«Bu haqda bu günə qədər bizim ikitərəfli əlaqələrdə məsələlər müzakirə olunmamışdır.
Bizim Türkiyə ilə çox geniş hüquqi sənədlər bazası var. Yəni, bir çox sahələrdə bizim imzaladığımız müqavilələr qüvvədədir, o cümlədən bu müqavilələrdə hərbi sahədə işbirliyi və qarşılıqlı yardım haqqında da maddələr var. Bu, bizim haqqımızdır. Əgər belə bir vəziyyət, Azərbaycan üçün çox ciddi təhlükə yaranarsa, təbii ki, Türkiyə bizim müttəfiqimizdir və biz bu imkanlardan istifadə edə bilərik.
Amma Türkiyənin hərbi bazasının Azərbaycanda yaradılması haqqında hər hansı bir müzakirə olmamışdır».
Prezident bildirib ki, iki ölkə arasında hərbi sahədə işbirliyi ildən-ilə güclənir: «Təkcə keçən il 10 birgə hərbi təlim keçirilmişdir. Bu il isə koronavirusa görə yalnız iki dəfə təlim keçirilmişdir. Ancaq bu təlimlər də bizim bölgəmizdə böyük narahatlıq yaratdı. Hesab edirəm ki, bu narahatlığın heç bir səbəbi, heç bir əsası yoxdur. Çünki bu təlimlər hər hansı bir ölkəyə qarşı hazırlıq xarakterli təlimlər deyil. Bu təlimlər bizim hərbi sahədə işbirliyimizin möhkəmləndirilməsi, Azərbaycan Ordusunun təkmilləşdirilməsi, Türkiyə Ordusunun standartlarına yaxınlaşması və Türkiyənin hərbi quruculuq sahəsində müsbət təcrübəsinin öyrənilməsi mənasını daşıyır.
Ona görə Türkiyənin hərbi bazası ilə bağlı sentyabrın sonundan bu günədək beynəlxalq mediada kifayət qədər çox məlumatlar gedir. Bunun heç bir əsası yoxdur. Türkiyə-Azərbaycan işbirliyi o qədər güclüdür, o qədər genişşaxəlidir ki, biz istənilən anda bir-birimizin yanındayıq. Baza olsa da, olmasa da, biz Türkiyəyə güvənirik, Türkiyə isə bizə güvənir».