Nazirlər Kabineti Azərbaycan vətəndaşlarına toy və digər bu kimi tədbirləri təxirə salmağı tövsiyə edib.
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti Yanında Operativ qərargahdan bildirilib.
Eləcə də bax: Koronavirusa görə Novruz tədbirləri - LƏĞV EDİLİR
Mütəxəssislər ilə aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək ayrı-ayrı qurumları yaxın müddətdə hər-hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini isə dəyişdirməyə çağırır.
«Həmçinin adamların sıx toplaşdığı məkanlarda virusa yoluxma riski yüksək olduğundan qarşıdakı aylarda toy və bu cür məclislərin təxirə salınması, yas mərasimlərinin isə kütləvi keçirilməməsi tövsiyə edilir»-deyə açıqlamada deyilir.
«Virusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycan hökuməti tərəfindən aparılan tədbirlərə dəstək olaraq vətəndaşlarımızı bir daha adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmağa, xarici ölkələrə, eyni zamanda risk qrupu ölkələrinə səfərlərini təxirə salmağa, vacib səfərlər zamanı isə qoruyucu tədbirlərə maksimum riayət etməyə (qoruyucu tibbi maska, xüsusi qoruyucu eynək, dezinfeksiyaedici vasitələrdən istifadə və s.) çağırırıq»-deyə Operativ Qərargahın məlumatında bildirilir.