Azərbaycanda bu ilin payızında gözlənilən islahatlar və növbədənkənar seçki prosesinə rəsmən start verilib.
Ölkənin hakim partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin dünən, iyunun 20-də keçirilən iclasında YAP-ı Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.
Bu qərara uyğun olaraq iyunn 21-də YAP-dan olan millət vəkilləri parlament sədrinə müraciət edərək seçkilərin 2 ay əvvələ keçirilməsi ilə bağlı təşəbbüslə çıxış etməyi məqsədə müvafiq hesab ediblər.
Artıq bununla bağlı müraciət parlamentə daxil olub və məsələ parlamentin plenar iclasının gündəliyinə daxil ediləcək.