Koronavirus və onun ölkə iqtisadiyyatına təsiri dövründü Azərbaycan hökuməti əhaliyə sosial dəstək üçün yeni imkanları işə salmalı olub.
FED.az xəbər verir ki, bu tədbirlər çərçivəsində ölkə əhalisinə geniş şəkildə işsizlikdən sığorta ödənişlərinin verilməsinə başlanacaq.
Qeyd edək ki, işsizlikdən sığorta ödənişi ölkədə indiyədək də verilib. Amma 2014-cü ildə qəbul edilən qanunda o qədər yersiz, hətta zərərli maneələr nəzərdə tutulurdu ki, faktiki olaraq bu sığorta ödənişini almaq mümkün deyildi. Təsadüfi deyil ki, yanvar ayının nəticələrinə görə, ölkədə 90 min rəsmi işsiz olduğu halda işsizlikdən sığorta ödənişini cəmi 500 nəfər alıb. Bu, bütün sığortaçıların 0,5%-ndən də aşağıdır.
Başqa sözlə, işsizlikdən sığorta ödənişi faktiki olaraq sosial dəstək tədbirləri arasındpa silinmişdi. İşsizlikdən Sığorta Fonduna ödənilən vəsaitlər isə daha çox özünüməşğulluq tədbirlərinə xərclənirdi.
İndi isə nazirlik bu mexanizmi də yenidən işə salır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən FED.az-a bildirilib ki, tezliklə işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsi genişləndiriləcək və bu sahədə proaktiv təyinat mexanizmi yaradılacaq: «Nəticədə 2020-ci ilin aprel-dekabr ayları üzrə bu tədbir 20 min nəfəri əhatə edəcək və bu məqsəd üçün İşsizlikdən Sığorta Fondu hesabına 20 milyon manat ayrılacaq».
Başqa sözlə, işsizlikdən sığorta haqqı alan hər bir şəxs ilin sonunadək 9 ay ərzində adambaşına 1000 manat və ya ayda 110 manata yaxın ödəniş alacaqlar.
Bundan başqa, işsizlikdən sığorta ödənişi bitmiş, lakin işlə təmin olunmamış şəxslərə sığorta ödənişinin və peşə hazırlığı kurslarında fasilə yaranmış müdavimlərə təqaüdlərin verilməsi xüsusi karantin rejimi dövründə davam etdiriləcək. Bu istiqamət üzrə işlər cari ilin aprel-may ayları üzrə 2 min nəfəri əhatə edəcək və İşsizlikdən Sığorta Fondu hesabına bu istiqamətə 0,6 milyon manat ayrılacaq.