Azərbaycanda əməliyyat-axtarış fəaliyyəti ilə məşğul olan qurumlar telefon danışıqlarını qeydə ala biləcəklər.
FED.az xəbər verir ki, Nazirlər Kabineti özünün 2000-ci il 15 avqust tarixli 139-6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında qərar qəbul edib.
Qərara əsasən, həmin siyahıya əlavə texniki vasitələr əlavə edilib. Bunların arasında telefon danışıqlarının çoxkanallı (2 və daha çox xətlərdən) qeydini (yazılmasını) aparan texniki vasitələr və proqram təminatları da var. Ümumilikdə qərara əsasən əməliyyat axtarış prosesində istifadə olunan texniki avadanlıqların siyahısına aşağıdakılar əlavə edilib:
- ötürülən məlumatın və gizli yerləşdirilmiş texniki vasitələrin aşkar edilməsi üçün çoxfunksiyalı texniki vasitələr, o cümlədən radioyayım qurğularının olduğu yerin müəyyən edilməsi və nəzarətdə saxlanılması üçün nəzərdə tutulmuş radioavadanlıqlar,
- akustik məlumatın məsafəyə ötürülməsi, işlənilməsi, gücləndirilməsi və dəyişdirilməsi üçün texniki vasitələr,
- video və (və ya) audio məlumatın gücləndirilməsi, işlənilməsi, yazılması, saxlanılması və əks etdirilməsi üçün kiçik ölçülü (50x50x50 mm-dən az) texniki vasitələr,
- təsvirin ötürülməsi, optik və ya optik-elektron dəyişdirilməsi üçün texniki vasitələr;
- radioyayım tezlik diapazonlarından kənarda işləyən ötürücü-qəbuledici radioavadanlıq;
- telefon danışıqlarının çoxkanallı (2 və daha çox xətlərdən) qeydini (yazılmasını) aparan texniki vasitələr və proqram təminatları,
- radioefirdə nəzarət və axtarış həyata keçirilməsi üçün gizli daşınan radiopelenqasiya və radionaviqasiya vasitələri.