Azərbaycanda dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi gözlənilir. FED.az xəbər verir ki, bu prezident İlham Əliyevin təsdiqlədiyi «Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya»da nəzərdə tutulur.
ELƏCƏ DƏ BAX: Dövlət qulluğunda ciddi yeniliklər olacaq - YENİ SƏNƏD, TAM MƏTN
Sənədə əsasən, dövlət qulluqçularının peşəkarlığını və işinin səmərəliliyini artırmaq məqsədilə dövlət qulluğunda beynəlxalq təcrübəyə əsaslanan səriştə (kompetensiya) modeli tətbiq edilməlidir.
Tətbiq ediləcək model dövlət qulluğu vəzifələri üzrə yalnız formal tələbləri deyil, bu vəzifələrin tutulması üçün zəruri səriştələri, onların ölçülməsi və qiymətləndirilməsi mexanizmlərini də müəyyən etməlidir.
Səriştə modelinin tətbiqi dövlət qulluğu vəzifələrinin onların fəaliyyət sahələri üzrə qruplaşdırılması və qruplar daxilində vəzifə profillərinin yaradılması ilə müşayiət olunmalıdır.
«Səriştə (kompetensiya) modeli bütün dövlət qulluğu vəzifələrini əhatə etməli və ictimaiyyətə açıq olmalıdır»-deyə sənəddə bildirilir. Üstəlik yeni model dövlət qulluğuna qəbul və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi zamanı əsas meyar kimi tətbiq edilməlidir.
Dövlət qulluğu vəzifəsi iddiasında olan vətəndaşların zəruri səriştələrinin qiymətləndirilməsi məqsədilə test, praktiki tapşırıq, müsahibə və digər qiymətləndirmə alətləri kompleksi hazırlanmalıdır.
Strategiyaya əsasən, Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi ilə bağlı işlərə artıq gələn ildən başlanacaq və 2021-ci ilədək davam edəcək.
Azərbaycanda dövlət qulluğunda yenilik – SƏRİŞTƏ ƏSAS SAYILACAQ
16:21
26 Noy 2018