Prezident İlham Əliyev Naxçıvanın Şərur rayonunda yeni sənaye məhəlləsinin yaradılması haqqında fərman imzalayıb.
FED.az xəbər verir ki, fərmana əsasən, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədi ilə Şərur Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı müəssisələri, habelə xidmət müəssisələri yaradılacaq. Şərur Sənaye Məhəlləsini Naxçıvan MR Nazirlər Kabinetinin müəyyən etdiyi idarəedici təşkilat idarə edəcək.
Prezident Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırıb ki, Şərur Sənaye Məhəlləsinin fəaliyyəti ilə bağlı müvafiq torpaq sahəsinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) qurulması, eləcə də iştirakçıların fəaliyyətinin dəstəklənməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görsün.
Nazirlər Kabineti Şərur Sənaye Məhəlləsində istehsal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlər də müəyyən etməlidir.
Prezidentin bu fərmanı ilə Şərur Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini, həmin ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun qurulması üçün büdcədən 5 milyon manat vəsait də ayrılıb.