Xəbər verildiyi kimi, prezident İlham Əliyev "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" qanunu imzalayıb.
FED.az xəbər verir ki, qanuna görə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min nəfər qanun layihəsini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edə bilərlər. Bunun üçün ən azı seçki hüququ olan ən azı 40 min vətəndaşının imzasını toplanmalıdır.
Amma qanuna görə, vətəndaşlar heç də bütün məsələlər barədə qanun-qərar təklif edə bilməzlər. Qanunda yazılıb ki, Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun (qərar) layihəsində aşağıdakı məsələlər nəzərdə tutula bilməz:
- dövlət büdcəsi, dövlət rüsumu, vergilər və gömrük işi;
- əmək haqqının məbləği və onun ödənilməsi qaydası;
- cinayət və ya inzibati xətalar;
- ailə münasibətləri;
- ərazi quruluşu və inzibati ərazi bölgüsü;
- dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi;
- seçki və referendum;
- Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad;
- amnistiya;
- seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi.