Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsi ləğv edilib.
FED.az - ın xəbərinə görə, bu Azərbaycan Prezidenti İlham Əliyevin İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncamında öz əksini tapıb.
Sərəncama əsasən, aşağıdakı inzibati məhkəmələr təşkil edilib:
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi – Naxçıvan şəhərində;
Bakı İnzibati Məhkəməsi – Bakı şəhərində;
Gəncə İnzibati Məhkəməsi – Gəncə şəhərində;
Sumqayıt İnzibati Məhkəməsi – Sumqayıt şəhərində;
Şirvan İnzibati Məhkəməsi – Şirvan şəhərində;
Şəki İnzibati Məhkəməsi – Şəki şəhərində.
Sərəncamla aşağıdakı kommersiya məhkəmələri təşkil edilib:
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi – Naxçıvan şəhərində;
Bakı Kommersiya Məhkəməsi – Bakı şəhərində;
Gəncə Kommersiya Məhkəməsi – Gəncə şəhərində;
Sumqayıt Kommersiya Məhkəməsi – Sumqayıt şəhərində;
Şirvan Kommersiya Məhkəməsi – Şirvan şəhərində;
Şəki Kommersiya Məhkəməsi - Şəki şəhərində.
Məhkəmə-Hüquq Şurasına tövsiyə edilib ki, nəzərdə tutulmuş inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasını müəyyən etsin.
Məhkəmə-Hüquq Şurası İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin hakimlərinin təyin edilməsi ilə bağlı təklifləri 2019-cu il dekabrın 1-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Nazirlər Kabinetinə yeni təşkil edilən məhkəmələrin fəaliyyəti üçün zəruri şərait yaradılması məqsədilə onların binalar, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı tədbirlər görmək tapşırılıb.
Nazirlər Kabineti yeni məhkəmələrin təşkili ilə bağlı xərclərin 2020-ci il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutulmasını təmin etməlidir.