Xəbər verildiyi kimi, prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və nazirliyin strukturunun dəyişdirilməsi haqqında fərman imzalayıb.
FED.az xəbər verir ki, Fərmana əsasən,
Nazirliyin tabeliyindəki İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun əsasında İqtisadiyyat Nazirliyinin tabeliyində “İqtisadi Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxs yaradılıb.
Bundan başqa İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılıb:
- Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin əsasında “Hərracların Təşkili Mərkəzi”;
- Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”;
- Dövlət Komitəsinin tabeliyindəki İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin əsasında “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi”.
Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) və Dövlət Komitəsinin tabeliyindəki “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”nin tabeliyinə verilib.
Dövlət Komitəsinin tabeliyindəki Təlim-Tədris Mərkəzinin əsasında “İqtisadi Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin tabeliyində “Təlim Tədris Mərkəzi” publik hüquqi şəxs yaradılıb.
Nazirliyin tabeliyindəki “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti, habelə “Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan Standartlaşdırma İnstitutu” və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxslər Nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyinə verilib.