Azərbaycanda çoxuşaqlı ana və ata anlayışlarına aid meyarlar dəyişdirilib.
FED.az xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əasən, əgər indiyədək çoxuşaqlı ana sayılması üçün qadın 3 övlad dünyaya gətirib böyütməli idisə, indi bu tələb 5 uşağa qaldırılıb.
Bu yeniliklə əlaqədar olaraq Nazirlər Kabineti özünün 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş «Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»na dəyişiklik edib.
Daha dəqiqi həmin qərarın 7 saylı əlavəsində dəyişikğik edilib. Burada çoxuşaqlı analara yaşa görə sosial müavinət təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı göstərilib.
Əlavənin 2.1.1. yarımbəndində 3 rəqəmi 5 rəqəmi ilə əvəz edilib.
Həmin yarımbənd belədir: «2.1.1. qadının 3 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;»
Bəşqa sözlə, əgər indiyədək 3 uşaq dünyaya gətirib böyüdən analar yaşa görə müavinət ala bilirdilərsə, bundan sonra yaşa görə müavinət almaq üçün 5 uşaq dünyaya gətirmək tələb olunacaq.