Nazirlər Kabineti “Viza blankının doldurulması Qaydası”nın, “Viza almaq üçün ərizə-anket”in nümunəsinin və “Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti”nin nümunəsinin təsdiq edilməsi haqqında qərarlarında dəyişikliklər edib.
FED.az xəbər verir ki, NK-nin qərarına görə, Dövlət Miqrasiya Xidməti bundan sonra Azərbaycan Respublikasında 10 gün deyil, 15 gündən artıq müvəqqəti olan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması üçün müraciət və sənədləri qəbul edəcək.
Bundan əlavə, viza almaq üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin təmsil etdiyi ölkənin və ya beynəlxalq təşkilatın rəsmi notası və ya Azərbaycan Respublikasının müvafiq qurumlarının vəsatəti deyil, əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti tələb olunacaq. Bu sənəd tranzit və turizm vizalarına şamil olunmur.
Həmçinin Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəf qeyri-dövlət təşkilatı olduğu halda, həmin qurumun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti, dəvətin səbəbini təsdiq edən sənəd tələb olunacaq. Tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənəd tələb olunmur.
№ 426 Bakı şəhəri, 2 oktyabr 2018-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 191 nömrəli və “Viza blankının doldurulması Qaydası”nın, “Viza almaq üçün ərizə-anket”in nümunəsinin və “Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti”nin nümunəsinin təsdiq edilməsi haqqında” 2014-cü il 19 mart tarixli 87 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1218-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 iyul tarixli 190 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nın 33.5-1-ci bəndində “10” rəqəmi “15” rəqəmi ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 87 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 3, maddə 318; 2016, № 5, maddə 944; 2018, № 5, maddə 1109) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Viza almaq üçün ərizə-anket”in “Xidməti Qeydlər/For Official Use Only” hissəsinin mətnində aşağıdakı dəyişikliklər edilsin:
2.1. beşinci abzas aşağıdakı redaksiyada verilsin:
“□ əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti (tranzit və turizm vizaları üçün bu sənəd tələb olunmur);”;
2.2. altıncı-on üçüncü abzaslar müvafiq olaraq səkkizinci-on beşinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda altıncı və yeddinci abzaslar əlavə edilsin:
“□ Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəf qeyri-dövlət təşkilatı olduğu halda, həmin qurumun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;
□ dəvətin səbəbini təsdiq edən sənəd (tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənəd tələb olunmur);”.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri