Azərbaycan Banklar Assosiasiyası (ABA) ölkədə fəaliyyət göstərən banklara müraciət edib.
FED.az xəbər verir ki, müraciətdə bildirilir ki, “Vergi Məcəlləsində dəyişiklik edilməsi” 16 dekabr 2016-cı il tarixli qanuna əsasən, elektron ticarət əlavə dəyər vergisinə (ƏDV) cəlb olunub.
Bu çərçivədə UBER də daxil olmaqla taksi xidməti göstərən qeyri-rezidentlərin ƏDV-yə cəlb olunması üçün noyabrın 6-da ABA-nın Ödəniş Sistemləri və Alternativ Xidmət Kanalları üzrə Ekspert Qrupunun iştirakı ilə Vergilər Nazirliyində görüş keçirilib. Görüşdə bu sahədə ƏDV-nin tətbiqinə dair ortaya çıxan bəzi qaranlıq məqamlara aydınlıq gətirilib. Qərara alınıb ki, kart-prosessinq mərkəzləri müvafiq texniki sazlama işləri yekunlaşdırdıqdan sonra UBER və s. kimi qeyri-rezidentlərə məxsus taksi şirkətlərində elektron ticarət qaydasında aparılan kart ödənişlərindən ƏDV tutulsun.
Ekspert Qrupunun noyabrın 7-də keçirilmiş növbəti iclasında isə müvafiq texniki sazlama işlərinin təfərrüatları və yekunlaşdırma tarixi ətrafında fikir mübadiləsi aparılıb. İclasın nəticəsi olaraq banklara bu ayın sonuna qədər lazımı tədbirlər görmək tapşılırıb.
Vergilər Nazirliyi müraciətdə qeyd olunmuş görüşün keçirildiyini təsdiqləyib. Qurumdan "Report"a bildirilib ki, banklara proqram təminatlarında müvafiq texniki işlər görmək və UBER taksi xidmətlərinə görə Azərbaycan rezidentləri tərəfindən xaricə köçürülən məbləğdən ƏDV tutmaq tapşırılıb.
Banklar artıq müştərilərini bu barədə məlumatlandırmağa başlayıb. Plastik kart sahiblərinə göndərilən SMS-lərdə dekabrın 1-dən UBER taksi xidmətinin 18% bahalaşacağı, yəni hesabdan əlavə pul çıxılacağı bildirilir.
@report