Rusiyanın «İskəndər M» raketləri ilə bağlı vəziyyətlə bağlı Rusiyanın davranışı Azərbaycanın ciddi narazılığına səbəb olub.
FED.az xəbər verir ki, bu gün televiziyaya müsahibə verən prezident İlham Əliyev, azərbaycanla Rusiyanın münasibətlərinə aid bəzi fikirlərini bölüşüb.
«Strateji tərəfdaşlar arasında münasibətlər səmimi olmalıdır», «Azərbaycan xalqı raketlə bağlı Rusiyanın cavabını gözləyir» kimi ifadələri səsləndirən prezident rəsmi Moskvanı qeyri-səmimilikdə ittiham edib.
Prezident Hərbi Qənamətlər parkında «İskəndər M» raketləri ilə bağlı bəyanatını bu gün daha da davam etdirib və Rusiyadan cavab istəyib: «Ermənistan ordusunda “İsgəndər-M” raketləri ola bilməzdi. Bunun ancaq iki yolu var. Başqa yolu ola bilməz. Çünki heç bir başqa ölkədə bu raketlər yoxdur».
«Bax, bu suala bizə cavab verilməlidir. Biz bu cavabı gözləyirik, Azərbaycan xalqı gözləyir. Biz bir çox məsələləri özümüz üçün aydın etmişik. Biz bilirik bu raketlər nə vaxt və nə üçün atılıb. Ancaq bizə rəsmi cavab verilməlidir, bu raketləri bizə atan Ermənistandan və Rusiyadan. Bu raket sistemləri ya Ermənistana verilib, yaxud da ki, qanunsuz yollarla Rusiyadan oğurlanaraq çıxarılıb. Bu suallara cavab yoxdur».
Qeyd edək ki, bu raketlərin yeganə istehsalçısı Rusiyadır və beynəlxalq müqavilələrlə yaranan öhdəliklərə görə Rusiya onları digər ölkəyə verə bilməz. Amma rəsmi Bakının indiyədək müraciətlərinə baxmayaraq Rusiyadan normal cavab almaq mümkün olmayıb: «Əlbəttə ki, bu, xoşagələn vəziyyət deyil. Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri var».
Prezident bildirib ki, Rusiya sülşməramlılarının Qarabağa gətirilməsindən sonra münasibətlərin daha da güclənəcəyini gözləyirdi, amma indi baş verənlər təəssüf hissi doğurur: «Rusiya sülhməramlı qüvvələri Azərbaycanın razılığı ilə bizim torpağımıza - Qarabağa, Xankəndiyə və ətraf yerlərə gətiriliblər. Biz hesab edirdik ki, bu yeni əməkdaşlıq formatı bizim əlaqələrimizi möhkəmləndirəcək. Əslində, möhkəmləndirməlidir. Ancaq “İsgəndər-M” raketlərinin Şuşa şəhərində tapılması və bu məsələ ilə bağlı bu günə qədər bizə tam cavabın verilməməsi, əlbəttə ki, Azərbaycan xalqında və Azərbaycan rəhbərliyində haqlı olaraq təəssüf və təəccüb hissi oyadır».
«Biz ümid edirik ki, bu məsələyə aydınlıq gətiriləcək. Strateji tərəfdaşlar arasında münasibətlər səmimi olmalıdır»-deyən Əliyev bildirib ki, Azərbaycan bütün strateji tərəfdaşlarla həmişə səmimi olub, həmişə öz sözünün üstündə durmuşdur, öz sözünü yerinə yetirmişdir. Üçtərəfli Bəyanat da Azərbaycan tərəfindən tam icra edilib.