Rəqəmsal iqtisadiyyatın inklüziv və dayanıqlı inkişafını sürətləndirməyə imkan yaradan, dünyanın ilk müstəqil beynəlxalq təşkilatı olan Rəqəmsal Əməkdaşlıq Təşkilatı (DCO) təşkilata üzv olmaq üçün 9 yeni ölkənin namizədliyinin təsdiqləndiyini açıqlayıb.
DCO baş ofisindən FED.AZ saytına verilən məlumata görə, DCO Şurasının qərarına əsasən, Albaniya, Azərbaycan, Qazaxıstan, Keniya, Livan, Fələstin, Suriya və Zambiya və Tacikistan təşkilata üzv dövlət kimi qoşulmaq üçün namizəd ölkələr statusu əldə edib.
Bu ölkələrin üzvlüyünün təsdiqlənməsi ilə DCO-nun üzv ölkələrinin sayının 16-dan 24-ə yüksəlməsi, təşkilatın isə təxminən 980 milyon insanı təmsil etməsi gözlənilir.
DCO-nun baş katibi Deemah AlYahya təşkilatın genişlənməsini şərh edərək bildirib ki, DCO 2020-ci ildə beş ölkə tərəfindən yaradılarkən ənənəvi siyasi və iqtisadi bloklardan kənarda rəqəmsal iqtisadiyyat ətrafında formalaşan müstəqil təşkilat ideyası yeni yanaşma idi. Onun sözlərinə görə, bu gün elan edilən genişlənmə həmin yanaşmanın özünü doğrultduğunu göstərir.
Baş katib qeyd edib ki, ölkələrin DCO-ya qoşulmasının əsas səbəblərindən biri rəqəmsal iqtisadiyyatın gələcək qaydalarının hazırda formalaşdırılmasıdır. Xüsusilə məlumatlar, süni intellekt və sərhədlərarası ticarət sahələrində müəyyən edilən qaydaların ölkələrin gələcək rəqəmsal inkişafına ciddi təsir göstərəcəyi vurğulanıb.
"Bu perspektivli üzvlüklər dəyişikliklərin necə baş verdiyini göstərir. Söhbət daha yaxşı şərtlər tələb etməkdən deyil, həmin şərtlərin formalaşdırılmasında birgə iştirak etmək imkanlarının yaradılmasından gedir. Rəqəmsal suverenlik praktikada məhz belə görünür – öz gələcəyini müəyyənləşdirmək üçün kifayət qədər böyük üzvlüyə sahib olmaq", – DCO baş katibi bildirib.
DCO-nun məlumatına görə, növbəti mərhələ təşkilatın miqyasının genişləndirilməsidir. Beş il ərzində formalaşdırılmış siyasət, platformalar və tərəfdaşlıqların yaxın gələcəkdə 24 ölkəni əhatə etməsi gözlənilir. Bunun rəqəmsal əməkdaşlığı infrastruktur, investisiya və ortaq qaydaların formalaşdırılması səviyyəsinə yüksəltməyə imkan verəcəyi bildirilir.
Qeyd edək ki, Azərbaycanın DCO-ya üzv olmaq üçün namizəd ölkələr sırasına daxil edilməsi ölkənin rəqəmsal iqtisadiyyat, süni intellekt, innovasiya və rəqəmsal əməkdaşlıq sahələrində beynəlxalq mövqeyinin gücləndirilməsi baxımından mühüm addım hesab olunur.
Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatına (DCO) üzv olmaq üçün namizəd ölkə kimi təsdiqlənib
14:03
29 Avq 2026












