Avqustun 22-də Azərbaycan prezidenti İlham Əliyev və Özbəkistan prezidenti Şavkat Mirziyoyevin geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Özbəkistan sənədləri imzalanıb.
FED.az xəbər verir ki, prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”ni imzaladılar.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Özbəkistan Respublikasının Rəqabətin İnkişafı və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Komitəsi arasında əməkdaşlıq haqqında Protokol”u imzaladılar.
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov və Özbəkistanın nəqliyyat naziri İlhom Maxkamov “İcazə blanklarının elektron mübadiləsi üzrə informasiya sisteminin tətbiqi sahəsində əməkdaşlıq haqqında Protokol”u imzaladılar.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli və Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov “Mədəniyyət sahəsində əməkdaşlıq haqqında Protokol”u imzaladılar.
Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzamahmudov “Energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi haqqında Saziş”i imzaladılar.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov “Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının Katibinin Xidməti ilə Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının Aparatı arasında əməkdaşlıq haqqında Memorandum”u imzaladılar.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov “Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında Protokol”u imzaladılar.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov “Gənclər siyasəti və idman sahələrində əməkdaşlıq haqqında Saziş”i imzaladılar.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi”ni imzaladılar.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair 2023-2024-cü illər üzrə Yol Xəritəsi”ni imzaladılar.
Qeyd edək ki, səfər çərçivəsində ümumilikdə 20 sənəd imzalanıb.