İyunun 20-də Baş Nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.
FED.az xəbər verir ki, iclasda əhalinin qaz və su təchizatı ilə bağlı məsələlər, eləcə də əhalinin siyahıya alınması müzakirə edilib.
Bildirilib ki, iclasın gündəliyinə “Qaz təchizatı sahəsində mövcud durum, problemlərin aradan qaldırılması və sistemin dayanıqlı inkişafının təmin edilməsi üzrə kompleks tədbirlər haqqında”, “Ölkə əhalisinin keyfiyyətli içməli su və kanalizasiya xidmətləri ilə təmin edilməsi sahəsində görülən işlər, xidmətin keyfiyyətinin yüksəldilməsi və infrastrukturunun daha da təkmilləşdirilməsi ilə bağlı qarşıda duran cari və perspektiv məsələlər haqqında” və “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması işlərinin gedişi haqqında” məsələlər daxildir.
ELƏCƏ DƏ BAX: Daha bir qurum publik hüquqi şəxsə çevrilir - FƏRMAN
N.Məmmədov Prezident İlham Əliyevin Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında "Azəriqaz" İB-nin fəaliyyətində yol verilən nöqsanları və bu sahədə olan bir sıra problemləri qeyd edib, çatışmazlıqların aradan qaldırılması, şəffaflığın təmin olunması ilə bağlı tapşırıqlarını xatırladıb.
Novruz Məmmədov deyib ki, ölkəmizdə əhalinin keyfiyyətli içməli su və kanalizasiya xidmətləri ilə təmin edilməsi istiqamətində bu günə qədər bir sıra mühüm layihələr icra olunub. Bununla yanaşı, istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, su təchizatı xidmətlərinə görə ödəniş səviyyəsinin yüksəldilməsi, istehlak edilən suyun uçotunun dəqiq aparılması və itkilərin qarşısının alınması məqsədilə müvafiq suölçən cihazların quraşdırılması ilə bağlı işlərin davam etdirilməsi qarşıda duran prioritet məsələlərdir.
Baş Nazir əhalinin siyahıyaalınmasına hazırlıqla bağlı görülən işlərdən danışaraq siyahıyaalma məntəqələrinin komplektləşdirilməsinin, zəruri avadanlıqlarla təchiz olunmasının və bununla bağlı əhalinin məlumatlandırılması işlərinin vacibliyini vurğulayıb.
Sonra Energetika naziri Pərviz Şahbazovun, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun gündəlikdəki məsələlərlə bağlı məruzələri dinlənilib. İclasda mövzularla bağlı çıxışlar olub, müxtəlif təkliflər səsləndirilib.
Azərbaycan Nazirlər Kabinetinin - İCLASI KEÇİRİLİB
19:30
20 İyun 2019