Məlum oldugu kimi Baş nazir və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədov tərəfindən Holdinqin İdarə Heyətinin Sədrinin təqdimatına əsasən, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru və İdarə Heyətinin üzvü Ruslan Əlixanovun vəzifəsindən azad olunması barədə qərar qəbul edib.
FED.AZ xəbər verir ki, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun vəzifəsinin icrası müvəqqəti olaraq Baş İcraçı direktorun müavini Dəyanət Sədullayevə həvalə olunub.
Qeyd edək ki, D.Sədullayev eyni zamanda "PAŞA Holding"də aparat rəhbəridir. O, həmçinin İcraedici Komitənin üzvüdür.
Dəyanət Sədullayev, 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində Kommersiya üzrə bakalavr, 2005-ci ildə eyni Universitetdə İnzibati İdarəetmə üzrə magistr dərəcəsi almışdır. 2003-cü ildə mühasib olaraq peşəkar fəaliyyətə başlayan Dəyanət müəllim, neft və qaz, tikinti, istehsalat sahələri də daxil olmaqla müxtəlif istiqamətlərdə təcrübə qazanmışdır. 2006-11-ci illərdə Ernst&Young, 2011-15-ci illərdə isə Kanadada maliyyə istiqaməti üzrə müxtəlif rəhbər vəzifələri icra etmişdir.
Dəyanət bəy 2015-ci ildə PMD Group şirkətinin Baş Maliyyə İnzibatçısı təyin edilib. Daha sonra o, eyni şirkətdə Baş İcraçı Direktorun müavini, 2021-ci ilin mart ayından etibarən isə İdarə Heyətinin sədri vəzifəsini icra edib. Bununla yanaşı, Dəyanət müəllim PMD Projects, FMG, GLC, Design Bureau şirkətlərinin Ümumi Yığıncaqlarının sədri, ALC, Competo və PASHA Technology şirkətlərinin Müşahidə Şurasının üzvü olaraq fəaliyyət göstərir.












