Azərbacan tərəfi prezident İlham Əliyev, ABŞ dövlət katibi Antoni Blinken və Ermənistan baş naziri Nikol Paşinyanın bu gün Münhendə keçirilən birgə görüşündə yeni təklif irəli sürüb.
FED.az xəbər verir ki, bu barədə İlham Əliyev görüşün nəticəəri barədə televiziyalara müsahibəsində bildirib.
Dövlət başçısı bildirib ki, iki ölkə sərhədində nəzarət buraxılış məntəqələrinin yaradılmasın təklif edib: «Görüşdə bildirdim ki, yaxşı olar ki, Ermənistan və Azərbaycan ikitərəfli qaydada Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələri yaratsınlar».
İlham Əliyev açıqlayıb ki, bu təklifi Azərbaycan tərəfi Ermənistana bir qədər əvvəl qeyri-rəsmi kanallarla verib: «Biz bu təklifi vermişik, bu gün rəsmən vermişik. Daha əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılmışdır. Ermənistan tərəfindən hər hansı mövqe səsləndirilmədi, ola bilər ki, onlara bunu müzakirə etmək üçün müəyyən vaxt lazımdır».
«Bizim ilkin təəssüratımız budur ki, həm Avropada, həm də Amerikada bizim bu təklifimiz məntiqli hesab olunur. Və bu iki ölkə arasında əlaqələrin normallaşdırılmasında önəmli amildir. Çünki biz sərhədlərin delimitsiyası haqqında danışırıqsa, nəzarət buraxılış məntəqələri olmadan bu mümkün deyil»-deyə prezident bildirib.
İlham Əliüev bildirib ki, «Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eləcə də Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət buraxılış məntəqələri yaradılmalıdır. Bu gün dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüşdə bunu mən rəsmi təklif kimi irəli sürdüm, biz Ermənistan tərəfindən cavab gözləyəcəyik».