Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında ƏSASNAMƏyə əsasən, qurumun 75 vəzifəsi olacaq.
FED.az xəbər verir ki, bunlar aşağıdakılardır:
- Azərbaycan Respublikasının ərazisində yerləşən su təsərrüfatı obyektlərində, hidrotexniki qurğularda, su təchizatı sistemlərində, habelə aidiyyəti dövlət orqanlarının (qurumlarının) iştirakı ilə su obyektlərində monitorinqlərin, dövlət su kadastrının, yerüstü və yeraltı suların dövlət uçotunun aparılmasını təmin etmək;
- su obyektlərindən təyinatına görə istifadə edilməsinə dair monitorinq aparmaq və müvafiq tədbirlər görmək;
- suların vəziyyətinə zərərli təsir edən texniki qurğuların, avadanlığın, müəssisələrin (və ya onların bir hissəsinin) və digər obyektlərin istismara buraxılmasının qadağan edilməsi barədə, habelə onların istismarının məhdudlaşdırılması, dayandırılması və fəaliyyətinin qadağan edilməsi ilə bağlı təkliflər vermək;
- qanunla nəzərdə tutulmuş hallarda və qaydada su obyektlərinin, o cümlədən içməli su təchizatı mənbələrinin sanitariya mühafizə zonaları və dairələrinin rejiminin təyin edilməsi, tabeliyindəki qurum vasitəsilə su təchizatı və kanalizasiya sistemi obyektlərində qanunla nəzərdə tutulmuş sanitariya mühafizə zonalarının yaradılması və ona nəzarətin həyata keçirilməsi ilə bağlı tədbirlər görmək;
- su mühafizə zonalarının, sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və onlardan istifadə qaydasının müəyyən edilməsi ilə bağlı aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə müvafiq tədbirləri həyata keçirmək;
- yeraltı və yerüstü suların zərərli təsirinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün aidiyyəti dövlət orqanlarının (qurumlarının) iştirakı ilə tədbirlər planı hazırlamaq və həyata keçirilməsini təmin etmək;
- təbii fəlakət və texnogen qəzalar nəticəsində zədələnmiş və ya sıradan çıxmış su təsərrüfatı obyektlərinin bərpasına dair təkliflər hazırlamaq, sel və daşqın nəticələrinin aradan qaldırılması üçün su və su təsərrüfatı obyektlərinin tikintisi (bərpası) işlərinin həyata keçirilməsini təşkil etmək;
- su təsərrüfatı tədbirlərini və su ehtiyatlarına Azərbaycan Respublikasının perspektiv tələbatını müəyyən etmək, su obyektlərinin mühafizəsini və onlardan səmərəli istifadəni təmin etmək məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) iştirakı ilə su ehtiyatlarından kompleks istifadə və həmin obyektlərin mühafizəsi baş sxemini, hövzə və ərazi sxemlərini hazırlamaq;
- sudan qənaətlə istifadə olunması, o cümlədən itkilərin qarşısının alınması və içməli suyun keyfiyyətinin texniki normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğunlaşdırılması ilə bağlı tədbirlər görmək;
- tabeliyindəki qurumların balansında olan meliorasiya, irriqasiya, su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması obyektlərinin işlək vəziyyətdə saxlanılması üçün tədbirlər görmək;
- müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;
- su mühafizə zonalarındakı torpaqlardan istifadəyə qanunla nəzərdə tutulmuş qaydada razılıq vermək və bu ərazidəki fəaliyyətə nəzarəti təşkil etmək;
- hidrotexniki qurğuların təhlükəsizliyinə təsir edən tikinti fəaliyyətini və konservasiya işlərini dayandırmaq barədə təkliflər vermək;
- su obyektlərinin, hidrotexniki qurğuların və su təchizatı sistemlərinin təhlükəsizliyini təmin etmək məqsədilə həmin obyektlərdən (onların bir hissəsindən) istifadənin məhdudlaşdırılması, dayandırılması və qadağan olunması üçün tədbirlər görmək;
- dövlət uçotuna alınacaq su istifadəçilərinin siyahısını tərtib etmək;
- su obyektlərinin istifadəçiləri və su istehlakçıları tərəfindən su obyektlərindən götürülən və onlara axıdılan suların uçotunun aparılmasına nəzarət etmək və bu məqsədlə istifadə olunan avadanlıq və cihazların vəziyyətinə dair aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə monitorinq aparmaq;
- su obyektlərinin təyinatından asılı olaraq, suyun tələbata uyğun paylaşdırılması üçün tədbirlər görmək;
- su ehtiyatlarından istifadə sahəsində proqnoz və layihələr hazırlamaq;
- su obyektləri üzrə xüsusi suburaxma, çaylardan sel və daşqın sularının axıdılma və su anbarlarının doldurulub-boşaldılma rejimlərini aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə müəyyən etmək;
- suların axım rejiminə, keyfiyyətinə və istifadəsinə dair məlumatların toplanılmasını və təhlilini təmin etmək;
- təbii fəlakət və texnogen qəzalar nəticəsində su obyektlərində, meliorasiya, irriqasiya, su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərində baş vermiş qəzaların səbəblərinin müəyyənləşdirilməsində və bu qəzalar nəticəsində dəymiş zərərin qiymətləndirilməsində, habelə bərpa və yenidənqurma işlərinin təşkilində iştirak etmək;
- Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq, ərazi planlaşdırılması sənədlərinə dair rəy vermək;
- aidiyyəti dövlət orqanlarının (qurumlarının) iştirakı ilə ölkə, su hövzələri və inzibati ərazi vahidləri üzrə su təsərrüfatı balanslarının hazırlanmasını təmin etmək;
- meliorasiya, irriqasiya, su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin dayanıqlı fəaliyyətini təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq, tikintiyə icazə verilməsinə dair rəy vermək, tabeliyindəki qurum vasitəsilə tikinti obyektlərinin istismarına icazə üçün istismara hazır olması barədə sənədlər vermək;
- daşqın və subasma zonalarının müəyyənləşdirilməsində iştirak etmək;
- sulardan istifadə və onların mühafizəsi sahəsində qanunla müəyyən edilmiş tələbləri pozan şəxslərə qarşı qanunla müəyyən edilmiş tədbirlər görmək;
- müvafiq sahədə “Coğrafi İnformasiya Sistemi”nin (GİS) formalaşdırılmasını, aparılmasını və təkmilləşdirilməsini həyata keçirmək;
- su ehtiyatlarının idarə edilməsi sahəsində müasir metodların tətbiqi üçün tədbirlər görmək;
- transsərhəd su obyektlərinin, hidrotexniki qurğuların, meliorasiya və irriqasiya sistemlərinin dövlətlərarası birgə istismarının təmin edilməsi üçün tədbirlər görmək;
- transsərhəd su obyektlərindən, hidrotexniki qurğulardan, meliorasiya və irriqasiya sistemlərindən istifadə sahəsində beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında iştirak etmək;
- müvafiq sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət olunması üçün tədbirlər görmək;
- sudan ödənişli istifadənin həyata keçirilməsini təşkil etmək;
- qanunla nəzərdə tutulmuş qaydada su obyektlərindən balıqçılıq üçün istifadəyə razılıq vermək, sututarlar və ya onların müəyyən hissələrinin idman və həvəskar balıq və digər su bioresurslarının ovu üçün ayırmaq;
- xüsusi qorunan su obyektlərinin ölkə, bölgə və yerli əhəmiyyətli xüsusi qorunan su obyektlərinə aid edilməsi barədə təkliflər vermək;
- meliorasiya, irriqasiya, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin pasportlaşdırılmasını həyata keçirmək, habelə meliorasiya və irriqasiya sistemlərinin kadastrını aparmaq;
- hidrotexniki qurğuların dövlət reyestrini aparmaq;
- dövlət mülkiyyətində olan meliorasiya, irriqasiya, su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması, qış otlaqlarının su təminatı sistemlərinin istismarını, sel və daşqınlara qarşı mübarizə tədbirlərini, eləcə də bu sahədə xidmətlər göstərilməsini təşkil etmək;
- Sudan İstifadəedənlər Birliklərinin (bundan sonra – Birliklər) xidmət göstərdiyi ərazidə yerləşən torpaqların istifadəçiləri istisna olmaqla, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinin və uzunmüddətli sazişlərə uyğun olaraq Birliklərin suvarma suyu ilə təchizatını tabeliyindəki qurum vasitəsilə həyata keçirmək;
- Birliklərin istifadəsində olan sistemlər istisna olmaqla, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını tabeliyindəki qurum vasitəsilə həyata keçirmək;
- “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Birliklərin reyestrini aparmaq və onların fəaliyyətinə dövlət nəzarətini tabeliyindəki qurum vasitəsilə həyata keçirmək;
- meliorasiya və irriqasiya sahəsində ölkə və regional miqyaslı proqramları hazırlamaq və həyata keçirmək;
- su və su təsərrüfatı obyektlərindən götürülən suların bölüşdürülməsini və sudan istifadəyə nəzarəti strukturuna daxil olan qurum vasitəsilə həyata keçirmək;
- suvarılan və meliorasiya olunmuş torpaqların uçotunu tabeliyindəki qurum vasitəsilə təşkil etmək və monitorinqini aparmaq;
- meliorasiya və irriqasiya sistemlərinin layihələrinin dövlət ekspertizasını tabeliyindəki qurum vasitəsilə həyata keçirmək;
- suvarılan və meliorasiya olunmuş torpaqların vəziyyətinə, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarına nəzarəti tabeliyindəki qurum vasitəsilə həyata keçirmək;
- tabeliyindəki qurumların balansında olan meliorasiya və su təsərrüfatı obyektləri boyunca qoruyucu meşə zolaqlarının salınmasını, onların saxlanılmasını və qorunmasını təmin etmək;
- sudan istifadə ilə bağlı dövlət tənzimləməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşdırılmasında iştirak etmək və bu sahədə təkliflər vermək;
- qanunla nəzərdə tutulmuş qaydada tullantı sularının axıdılması üçün su obyektlərindən istifadə edilməsinə razılıq vermək və ya tərkibində çirkləndirici maddələrin miqdarı normadan artıq olan tullantı sularının su obyektlərinə axıdılmasını strukturuna daxil olan qurum vasitəsilə məhdudlaşdırmaq, dayandırmaq və ya qadağan etmək;
- sanitariya, hidrotexniki və meliorasiya tədbirlərinin görülməsi halları istisna olmaqla, çaylarda, çay qollarında, meliorasiya və irriqasiya sistemlərində qalaqların yaradılmasının, su axımının qarşısının özbaşına kəsilməsinin, göllərdən və limanlardan su buraxılmasının qarşısının alınması üçün strukturuna daxil olan qurum vasitəsilə tədbirlər görmək;
- ölkə əhəmiyyətli və rayonlararası suvarma sistemləri üzrə sudan istifadəyə dair ümumsistem planlarını təsdiq etmək;
- müəyyən müddət üçün sudan istifadə limitlərini tabeliyindəki qurum vasitəsilə müəyyən etmək, qanunla müəyyən edilmiş hallarda və qaydada su ehtiyatlarından istifadəyə icazə vermək;
-. hidrotexniki qurğuların təyinatı üzrə təhlükəsizlik bəyannamələrini strukturuna daxil olan qurum vasitəsilə təsdiq etmək;
- su və meliorasiya sahəsində elmi-praktiki araşdırmalar aparılmasını, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini, həmçinin bu sahədə texniki normativ hüquqi aktların layihələrinin hazırlanmasını və tədqiqatların aparılmasını tabeliyindəki qurum vasitəsilə həyata keçirmək;
- su təsərrüfatı və meliorasiya obyektlərinin, su təchizatı, tullantı sularının emalı və axıdılması sistemlərinin layihələndirilməsini tabeliyindəki qurum vasitəsilə həyata keçirmək;
- su obyektlərindən istifadə və onların mühafizəsi qaydalarına, sudan istifadə limitlərinə, su obyektlərindən istifadə və onların mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji tələbləri nəzərdə tutan normativ hüquqi aktlara, su mühafizə zonalarının ərazisindən istifadə rejiminə və Azərbaycan Respublikasının su qanunvericiliyinin digər tələblərinə riayət edilməsinə dövlət nəzarətini strukturuna daxil olan qurum vasitəsilə həyata keçirmək;
- su təchizatı üçün suyun mənbədən götürülməsi, emalı, nəqli və satışı sahəsində fəaliyyəti təşkil etmək;
- yağış və tullantı sularının toplanması, təmizlənməsi, təkrar istifadəsi, kənarlaşdırılması sahəsində fəaliyyəti tabeliyindəki qurum vasitəsilə həyata keçirmək;
- “Elektron su təsərrüfatı” informasiya sisteminin fəaliyyətinin təşkilini, idarə olunmasını və təkmilləşdirilməsini təmin etmək;
- müvafiq sahədə əlverişli investisiya mühitinin yaradılması üçün təkliflər vermək;
- müvafiq sahədə dövlət proqramlarının hazırlanmasında iştirak etmək;
- müvafiq sahənin sosial-iqtisadi inkişafının əsas istiqamətlərinə uyğun proqnoz və layihələrin hazırlanmasını təşkil etmək;
- müvafiq sahədə elmi tədqiqat və təcrübə-konstruktor işlərinin aparılmasını təşkil etmək;
- müvafiq sahə üzrə tövsiyə xarakterli metodiki sənədlər hazırlamaq və onları təsdiq etmək;
- müvafiq sahə üzrə statistik uçot aparılmasını təmin etmək;
- müvafiq sahə üzrə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;
- müvafiq sahəyə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və qanunla qadağan olunmayan digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
- müvafiq sahədə elektron xidmətlərin təşkilini təmin etmək;
- Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təşkil etmək;
- Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görmək;
- dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;
- öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
- qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
- fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;
- fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və müəyyən edilmiş qaydada tədbirlər görmək;
- Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.