Azərbaycan 4 gün ərzində Ermənistanın $1,2 milyardlıq hərbi texnikasını məhv edib.
Eləcə də bax: Ermənilərin döyüş meydanında qoyub qaçdığı silah-sursat və texnikalar - FOTO
FED.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri sentyabrın 27-30-da Qarabağda gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin $1,2 milyard məbləğində hərbi texnikasını və silahlarını məhv edib. Bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Museyibov deyib.
"Azərbaycan Müdafiə Nazirliyinin düşmənin məhv edilmiş hərbi texnikası barədə məlumatları əsasında apardığımız hesablamalara görə, döyüşlərin getdiyi 4 gün ərzində (27-30 sentyabr) Ermənistan silahlı qüvvələri $1,2 milyard məbləğində hərbi texnika və silah itirib. Bu məbləğə məhv edilmiş hərbi infrastrukturun qiyməti daxil deyil, çünki onu hesablamaq nisbətən çətindir", - deyə Ayaz Museyibov vurğulayıb.
Onun sözlərinə görə, bu məbləğ Ermənistanın bütün illik hərbi büdcəsindən ($634 milyon) demək olar ki, 2 dəfə çoxdur və 1/3 hissəsinə bərabərdir.
A.Museyibov hesab edir ki, Azərbaycanla uzunsürən müharibə Ermənistanda iqtisadi, sosial və siyasi böhrana səbəb olacaq.
"Bizim qiymətləndirmələrimizə görə, yaxın zamanlarda Ermənistan böyük ərzaq problemi ilə üzləşəcək, çünki buğda, ət kimi əsas məhsullar idxal olunur. Bundan başqa, sentyabrın 29-dan bəri Ermənistan dramının ucuzlaşması müşahidə olunur. Bununla yanaşı, Ermənistanın valyuta məzənnəsini qorumaq üçün kifayət qədər valyuta ehtiyatları yoxdur. Bundan başqa, ölkə hökumətinin xarici bazarlardan vəsait cəlb etmək imkanları da məhduddur", - deyə o əlavə edib.