“Azərbaycan Sənaye Korporasiyası” ASC, onun törəmə müəssisəsi olan “Azəralüminium” MMC və Almaniyanın “Achenbach Buschhütten” şirkəti arasında Azərbaycan Respublikasında alüminium istehsalının daha da genişlənməsi, istehsal olunan məhsulların satış imkanlarının şaxələndirilməsi və ən son qabaqcıl istehsal texnologiyalarının tətbiq olunması istiqamətində ilkin müqavilə imzalanmışdır.
“Azərbaycan Sənaye Korporasiyası” ASC-dən FED.az-a verilən məlumata görə, “Azərbaycan Sənaye Korporasiyası” ASC ilə “Achenbach Buschhütten” şirkəti arasında qurulmuş əməkdaşlıq nəticəsində üstün texnologiyalar əsasında alüminium məhsullarının istehsal edilməsinə imkan yaranacaq və bu da öz növbəsində daha geniş spektorlu əlavə dəyərli alüminium məhsullarının satışına səbəb olacaqdır. Bundan savayı ilkin alüminium istehsalının əlavə olaraq 50 000 ton artırılması, sərbəst şəkildə yayma məhsul istehsalının təmin edilməsi, yayma məhsullar üzrə daha yüksək keyfiyyətə nail olunması və keyfiyyət standartları baxımından dünyanın ən yaxşı tədarükçülərindən biri kimi tanınmasını təmin edəcəkdir. Qabaqcıl tökmə və yayma prosesi sayəsində qablaşdırma, avtomobil, gəmiqayırma, təyyarə, müdafiə, tikinti və telekommunikasiya kimi əsas sənaye sahələrində istifadə oluna bilən alüminium ərintilərinin istehsalı mümkün olacaqdır.
“Achenbach Buschhütten” şirkətinin təqdim etdiyi yeni və müasir növ istehsal prosesi dünyada az sayda müəssisələrdə tətbiq olunur, bu da texnologiya, satış, və rəqabət şəraitində üstünlüyün əldə edilməsinə əhəmiyyətli dərəcədə imkan yaradır.
Növbəti mərhələ layihənin səmərəliliyinin müəyyən olunması və dünyanın nüfuzlu maliyyə təşkilatları tərəfindən maliyyələşdirilməsinin təmin edilməsi üçün beynəlxalq dərəcəli məsləhətçi şirkətin cəlb olunması yolu ilə ətraflı texniki-iqtisadi əsaslandırmanın hazırlanmasından ibarətdir.
"trend"