Vergi Məcəlləsinə son dəyişikliklər layihəsində fərdi qaydada (muzdlu işçi cəlb etmədən) sahibkarlıqla məşğul olan fiziki şəxslər, bir başqa sözlə desək, sabit vergi ödəyicilərinin siyahısının genişləndirilməsi təklif olunur. FED.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Qalib Toğrul bildirib.
Eləcə də bax: Azərbaycanın Vergi Məcəlləsində - İNQİLABİ DƏYİŞİKLİK
Onun sözlərinə görə, yeni ildən fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və digər analoji işlər və nəqqaşlıq emalatxanalarının fəaliyyəti siyahısına
bərbərlər (sabit müəbləğ 20 manat),
dərzilər (sabit müəbləğ 10 manat) və
ofisiantlar (sabit müəbləğ 10 manat)
daxil ediləcəklər. Qeyd edək ki, sabit verginin hesablanması üçün xüsusi əmsallardan istifadə olunur. Məsələn, Bakıdakı bərbər ayda 40 manat, dərzi və ofisiant isə 20 manat ödəyəcəklər.
Bu şəxslər fəaliyyətlərini rəsmiləşdirmək üçün Vergilər Nazirliyindən aylıq, rüblük, 6 aylıq və ya illik “Sadələşdirilmiş vergi uzrə sabit məbləğin odənilməsi haqqında qəbz” alırlar və heç bir hesabat təqdim etmirlər.
Statusu yazmaqda məqsədim göstərdikləri xidmətdən elə də yüksək gəliri olmayan sabit vergi ödəyicilərini artan maliyyə sanksiayaları ilə bağlı xəbərdar etməkdir. Vergi Məcəlləsinin tələbinə görə, əhaliyə xidmət göstərən bu şəxslər müştərilərinə onların istəklərindən asılı olmayaraq ciddi hesabat blankı olan qəbz verməlidirlər. “Müştərilərinə onların istəklərindən asılı olmayaraq” ifadəsini ona görə yazıram ki, bu vergi ödəyiciləri əksər hallarda qəbz yazmamalarına “müştəri istəmədi, vermədim” kimi haqq qazandırırlar. Onlara məsləhət görərdim ki, müştəri istəməsə belə, qəbzi yazsınlar. Çünki maliyyə sanksiyalarının məbləği yeni dəyişikliklərdə çox artırılıb.
Dəyişikliklərə görə,
Sabit vergi ödəyiciləri qəbz verməməyə və ya qəbzdə aşağı məbləğ göstərməyə görə,
təqvim ili ərzində belə hallara birinci dəfə yol verdikdə 1000 manat (hazırda 400 manat),
ikinci dəfə yol verdikdə 3000 manat (hazırda 800 manat),
üç və daha çox dəfə yol verdikdə isə 8000 min manat (hazırda 1200 manat)
maliyyə sanksiyası ödəməli olacaqlar.
Belə vergi ödəyiciləri üçün digər maliyyə sanksiyası “Sadələşdirilmiş vergi uzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” alınmamasına görə tətbiq edilir.
Onlar təqvim ili ərzində belə hallara birinci dəfə yol verdikdə, həmin fəaliyyət növunə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 40 faizi miqdarında, təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verdikdə isə, həmin fəaliyyət növunə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 100 faizi miqdarında cərimə olunurlar.
Dəyişkiliklərdə sonuncu maliyyə sanksiyalarının məbləğində artım olmasa da, ümumilikdə cərimələrin məbləği çox yüksəkdir. O səbəbdən sabit vergi ödəyicisi olanlara (bərbərlər, bağbanlar, ofisiantlar, qulluqçular, dayələr, dərzilər, sürücülər və sair) diqqətli olmağı tövsiyə edirəm.
Daha bir dəyişiklik sosial sığorta haqqı ilə bağlıdır. Yeni ildən belə fiziki şəxslər daha 26 manat yox, 32.50 manat sosial söğorta haqqı ödəyəcəklər və bu sosial ödəniş əvvəlki kimi respublika üzrə fərqləndirilməyəcək, harda fəaliyyət göstərməsindən asılı olmayaraq hamı üçün eyni olacaq.