Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hazırda Tərtər və Ağdam rayonlarının ərazisi düşmən tərəfindən atəşə tutulur.
FED.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bu gün saat 12.00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib.
Eyni zamanda bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalır.
Düşmənin bütün hücum cəhdlərinin qarşısı bölmələrimiz tərəfindən uğurla alınıb. Ermənistan ordusuna qarşı adekvat cavab tədbirləri görülür.
Xatırladaq ki, Azərbaycan və Ermənistan tərəfi arasında 10 oktyabr saat 12:00 radələrindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və kriteriyalarına uyğun olaraq hərbi əsirlərin və saxlanılan şəxslərin dəyişdirilməsi və cəsədlərin mübadiləsi üçün humanitar məqsədlərlə atəşkəs elan olunmuşdu.