ASAN Xidmət əməkdaşları və ASAN Xidmət mərkəzlərində işləyən digər orqanların əməkdaşlarına pul mükafətı veriləcək.
FED.az xəbər verir ki, Prezident İlham Əliyev bu gün Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyindəki “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Fərmana əsasən bu işçilərin mükafatlandırılması məqsədilə hər il 26 milyon manat ayrılacaq.
Fərmanda deyilir:
1. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyindəki “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin mükafatlandırılması məqsədilə 26,6 milyon manat məbləğində vəsait hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində nəzərdə tutulur.
2. Agentlik:
2.1. bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq tələb olunan vəsaitin növbəti ilin dövlət büdcəsində nəzərdə tutulması üçün təkliflərini hər il iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;
2.2. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş vəsaitdən istifadə qaydasını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla üç ay müddətində müəyyən etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Bu Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir.











