Xəbər veriyimiz kimi, TƏBİB-in Müşahidə Şurasının qərarı ilə Anar Məhərrəm oğlu Bayramov TƏBİB-in yeni icraçı direktoru təyin edilib.
FED.AZ-ın məlumatına görə, ölkədə zəngin təhsilə malik bir peşəkar kadr kimi tanınan Anar Bayramov 1975-ci ildə anadan olub. O, 1997-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. Daha sonra təhsilini davam etdirərək 2004-2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini uğurla bitirirək maliyyə üzrə magist (MBA) dərəcəsi alıb. Tibb üzrə fəlsəfə doktoru olan A.Bayramov 20-dən çox elmi məqalənin və 2 səmərələşdirici təklifin müəllifidir.
A.Bayramov Azərbaycan sığorta bazarının ən təcrübəli və peşəkar sığortaçısı kimi tanınır və maliyyə sektotunda 25 ilə yaxın təcrübəyə malikdir. O, 2002-ci ildən “A-Group” sığorta şirkətinin İdarə Heyətinin sədrinin müavini, 2004-cü ildən 2021-ci ilədək İdarə Heyətinin sədri olub. Daha sonra A.Bayramov əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, nazirliyin tabeliyində Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.
Bundan başqa, cənab Bayramovun ictimai fəaliyyəti də nəzərimizdən qaçmayıb. Belə ki, o 2006-2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012-ci ildən 2017-ci ilədək Xəzər-Avropa Maliyyə Klubunun (CEIBC) prezidenti, 2017-ci ildən “Caspian European Club”un sığorta komitəsinin rəhbəridir. 2023-cü ildən Azərbaycan Respublikası Deflimpiya Komitəsinin Sədri, 2025-ci ildən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Baş Məclisinin üzvüdür.
A.Bayramov “tibbi sığorta”, “səhiyyədə islahatlar”, “liderlik” və digər mövzularda Almaniya, ABŞ, Fransa, Rusiya, Macarıstan, Çexiya, Rumıniya, Sloveniya və digər ölkələrdə keçirilən beynəlxalq səviyyəli konfrans və seminarların iştirakçısı olub.
Qeyd edək ki, hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olub.













