Xəbər verildiyi kimi, martın 13-də prezident İlham Əliyev, Berlində Almaniyalı iş adamları ilə geniş görüş keçirib. Görüşdə bir sıra şirkətlərin maraqlarını təmsil edən konsaltinq şirkətləri də iştirak edib.
FED.az xəbər verir ki, “Falk and Zeitung” konsaltinq şirkətinin təsisçisi və baş icraçı direktoru Tomas Falk dövlət başçısına bildirib ki, siyasi və iqtisadi məsələlərlə, eləcə də biznesin inkişafı ilə bağlı böyük beynəlxalq korporasiyalara məsləhətçi xidmətləri göstərir. Tomas Falk onlardan birinin planları barədə məlumat verərək prezidentdən dəstək istəyib:
«Bu gün iki müştərim adından bu tədbirdə iştirak etmək üçün yaratdığınız şəraitə görə minnətdaram. Onlardan biri “Nikisa” Yaponiya şirkətidir. O, nasoslar və maye qaz, eləcə də təbii qazın separatorları, hidrogen və digər sənaye qazları, karbon qazının yığılması və saxlanılması sahələrində aparıcı avadanlıq istehsalçılarından biridir. Qrupumuz Azərbaycanda artıq fəaliyyət göstərir və məsələn, maye oksigenin, azotun istehsalı üçün ölkənizə avadanlıq təchiz edib. Biz alman podratçısı vasitəsilə yerli şirkətlə işbirliyi qurmuşuq.
Gələcəkdə “Nikisa” şirkəti öz fəaliyyətini genişləndirmək istəyir və hava separatorları, CO2-nin yığılması və saxlanılması, maye qaz sahələrində, Bakı gəmiqayırma zavodunda, Sumqayıt Texnologiyalar Parkında işləməyi arzulayır.
Çənlər və nasoslara gəldikdə, “AzerGold” şirkəti ilə əməkdaşlıq qurmaq istəyirik. Əlavə olaraq biz doldurma stansiyaları, maye qaz, xüsusi nasoslar və hidrogen sahələrində aparıcı texnologiyaları təqdim edə bilərik və mümkün əməkdaşlığı SOCAR ilə müzakirə etməyə hazırıq».