Bir neçə gün əvvəl baş tutan Almaniya prezidenti Ştaynmayerin Bakı səfəri dimlomatik qalmaqala görə ləğv edilmək təhlükəsi ilə üzləşibmiş.
FED.az xəbər verir ki, aprelin 9-da Bakıda ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumdakı çıxışında bildirib.
Xatırladaq ki, Bakıya səfərdən əvvəl Ermənistana səfər edən Frank-Valter Ştaynmayer Qarabağdakı işğalçı rejimin bayrağı ilə birlikdə post paylaşmışdı və Bakıda böyük narazılıq yaratmışdı. Son nəticədə Almaniya tərəfi bu postu silərək rəsmi Bakıdan üzr istəməli olmuşdu.
Prezident İlham Əliyev forumdakı çıxışında Almaniyadan olan qonağın bu barədəki sualına cavab olaraq hadisənin detallarını açıqlayıb.
Prezident İlham Əliyev: Bayraqla bağlı vəziyyətə gəlincə, təbii ki, bunu görəndə hamımız çox təəccübləndik. Düzünü desəm, mən həmişə olduğu kimi, maksimum səmimi olmağa çalışıram, bunun səhv olduğunu düşünmək bizim üçün çox çətin idi. Çünki Almaniya çoxillik dövlətçilik ənənələri olan bir ölkədir və bütün atributlara diqqətlə yanaşılır. Bu, təkcə separatçıların bayrağı olan bayraq deyildi, artıq ölmüş separatçı qurumun bayrağı idi və orada əlavə bir şərh var idi – “Dağlıq Qarabağ” adını gördük. Bu, artıq mövcud deyil. Bu, dediyimiz kimi, yalnız erməni revanşistlərin və onlara dəstək verənlərin xəyallarında mövcuddur. Ona görə də həmin bəyanatda o ifadənin yer almasını Azərbaycana qarşı təhqir hesab edirik.
Bunun səhv olduğunu düşünməyə imkan verməyən başqa bir amil də var. Şəkli xatırlayırsınızsa, orada bayraq cırılmış vəziyyətdə idi. Ermənistanın bayrağı olduğunu düşünüblərsə, o zaman niyə cırılmış bayraq şəkli paylaşıblar? Güman ki, o şəkli qoyanların beynində cırılmış bayraq “Artsax” adlanan yerin yaralı olmasına işarə idi. Bu, Azərbaycana bir mesaj idi.
Biz bunu çox ciddi qəbul etdik və düzünü desəm, bizim hərəkət etməyimiz üçün bir neçə variant mövcud idi. Əgər üzrxahlıq olmasaydı, yəqin ki, səfərin vaxtı dəyişdirilə bilərdi. Beləliklə, bununla, sadəcə olaraq, sizə daxili “mətbəximizi” açıqlayıram. Vəziyyəti aydınlaşdırmaq üçün Almaniya səfiri Xarici İşlər Nazirliyinə dəvət olundu. O dedi ki, səhv etmirəmsə, üzr istəməyəcəklər, belədir, Hikmət? Beləliklə, bu, digər bir sürpriz oldu. Sonra köməkçim Hikmət Hacıyev Prezident Ştaynmayerin Administrasiyasının rəhbəri ilə əlaqə saxladı.
Hikmət Hacıyev: İlkin olaraq xanım rəhbər dedi ki, bu, ciddi texniki səhvdir və xahiş etdi ki, üzrxahlığımızı qəbul edin və biz onu siləcəyik. Lakin bu, aramızda olan bir üzrxahlıq idi. Amma mən Sizin tərəfdən əlavə göstəriş aldım ki, Azərbaycan israrlıdır və biz almaniyalı həmkarlarımızdan açıq və rəsmi üzrxahlıq gözləyirik. Bundan sonra yazılı üzrxahlıq göndərildi.
Prezident İlham Əliyev: Bəli, təşəkkür edirəm. Beləliklə, məsələ həll olundu, amma təbii ki, bunu etməməli idilər. Xətrimizə dəymək üçün tamamilə faydasız və mənasız cəhd. Mən tamamilə əminəm ki, Prezident Ştaynmayerin bundan heç xəbəri olmayıb. O, özü bunu mənə dedi. Birincisi, mən ona tam inanıram, çünki ona çox hörmətlə yanaşıram. İkincisi, düzünü desəm, mən də şəkillərimə bir o qədər baxmıram. Səhv bir şey varsa, buna görə kimi günahlandıracağını bilirsən. Ancaq səhv bir şey olsaydı, şübhəsiz ki, müraciət olmadan belə biz üzr istəyəcəkdik.